2022-ci ilin yanvar-aprel ayları ərzində Azərbaycanın ixracı 11,8 mlrd. ABŞ dolları, qeyri-neft sektoru üzrə 965,5 mln. ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə ixrac 2021-ci il ilə müqayisədə 268,6 mln. ABŞ dolları və ya 38,5% artıb.
Elchi.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nda bildirilib.
Məlumata görə, 2022-ci ilin yanvar-aprel ayları ərzində meyvə-tərəvəz məhsulları ötən ilin eyni dövrü ilə müqayisədə 23,6% artaraq 162,6 milyon ABŞ dolları təşkil edib. Müvafiq dövr ərzində kimya sənayesi məhsullarının ixracı 9,9 dəfə, alüminium və ondan hazırlanan məmulatların ixracı 90,6%, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 53,3%, pambıq iplik ixracı 19,8%, pambıq lifi ixracı isə 6,8% artıb.
2022-ci ilin yanvar-aprel ayları ərzində Türkiyəyə 333,7 milyon ABŞ dolları, Rusiya Federasiyasına 191,7 milyon ABŞ dolları, Gürcüstana 61 milyon ABŞ dolları, İsveçrə Konfederasiyasına 51 milyon ABŞ dolları və ABŞ-a isə 39,4 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.





