“Tikinti prosesləri zamanı ekoloji tələblərə əməl olunmaması nəticəsində şəhərdə yaranan toz örtüyü insan sağlamlığına təsir edən faktorlardan biridir”
“Azərbaycanda müəyyən qədər əhalinin yaşlanması prosesi artıq başlayıb. Bu, yaşam şəraitinin yaxşılaşması səbəbindən son 10 ildə orta ömür müddətinin dörd il yarımdan çox artması nəticəsində mümkün olub”.
Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov “Azərbaycan Respublikasının demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramı”nın (2014-2025-ci illər) layihəsinin müzakirələrinə həsr olunan tədbir çərçivəsində bildirib. Nazirin sözlərinə görə, bu gün əhalinin tərkibində 65 yaş və ondan yuxarı olanların xüsusi çəkisi 90-cı ildəki 4,8%-dən hazırkı 5,8%-ə yüksəlib: “Bunun daha sürətlə artacağı bizim aktual hesablamaların əsas göstəricilərindən biridir”. Mövzu ilə bağlı fikir bildirən sosial sahə üzrə ekspert İlqar Hüseynlinin sözlərinə görə, əhalinin yaşlanması prosesinin artmasının səbəbi bəzi insanların sosial durumunun ağır olması ilə bağlıdır: “Dünyada baş verən qlobal ekoloji dəyişikliklər insanların vaxtından əvvəl qocalmasına səbəb olur. Təbii resursların azalması, bitki örtüyünün məhv olması ekoloji tarazlığı pozur. Yaşıllığın məhv olması insan səhhətinə mənfi təsir edən amillərdən biridir. Tikinti prosesləri zamanı ekoloji tələblərə əməl olunmaması nəticəsində şəhərdə yaranan toz örtüyü insan sağlamlığına təsir edən faktorlardan biridir”.



