“Qoşulmama Hərəkatı dünyanın 120 ölkəsi arasında səmərəli əməkdaşlıq əlaqələrinin qurulmasında və inkişafında xüsusi rol oynayan mühüm siyasi platformadır. Onu da açıq demək lazımdır ki, bu Qurum məhz Azərbaycanın sədrliyi dövründə özünün ən uğurlu dövrünü yaşayır.
Ölkəmizin Quruma 3 il müddətinə sədrlik etməsindən sonra Azərbaycanın təşkilata sədrliyi müddətinin daha bir il artırılması da aparılan uğurlu siyasətin göstəricisidir”. Bu sözləri Elchi.az-a açıqlamasında politoloq Rəşad Bayramov deyib.
O, açıqlamasında həmçinin qeyd edib:
“Azərbaycan Qoşulmama Hərəkatına qlobal miqyasda çətin dövrdə, yəni dünyada iqtisadi böhran, pandemiya yaşandığı bir dövrdə sədrlik etməyə başladı. Lakin bütün bunlara baxmayaraq effektiv və konstruktiv sədrlik nümayiş etdirməyi bacardı. Pandemiyayala bağlı 2020-ci ilin mayında Azərbaycanın təşəbbüsü ilə Qoşulmama Hərəkatının liderlər səviyyəsində onlayn sammiti keçirildi və alınmış qərarla 2020-ci ilin dekabrında BMT Baş Assambleyasının xüsusi sessiyası keçirildi. Qoşulmama Hərəkatının bəzi zəngin ölkələr tərəfindən yürüdülən “peyvənd millətçiliyi”nə güclü etirazı və bunun ardınca bütün ölkələr üçün peyvəndlərə ədalətli və universal çıxışla bağlı BMT qətnamələrinin qəbul edilməsi hərəkatın koronavirusla mübarizədə necə töhfə verdiyini göstərir”.
R.Bayramov qeyd edir ki, Azərbaycanın sədrliyi dövründə də qurumun institusional inkişafı ilə bağlı bir sıra mühüm addımlar atılıb: “Xüsusən də Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin və Qoşulmama Hərəkatı Gənclər Təşkilatının yaradılması Azərbaycanın sədrliyinin nailiyyətidir. Bütün bunlarla yanaşı, bu cür böyük bir platformada Azərbaycan yalnız öz maraqlarının qorunmasını deyil, təşkilata üzv olan bütün dövlətlərin maraqlarının qorunması üçün çühüm addımlar atıb. Haqqında danışdığımız son toplantıya gəldikdə isə qeyd edim ki, bu tədbir bir çox çağırışlarla yadda qaldı”.
Onun sözlərinə görə ən vacib məsələlər olan Azərbaycan həqiqətlərini, Ermənistanın qeyri konstruktiv mövqeyini, ərazilərimizdə işğal dövründəki vandalizmi, mina terrorunu, ekoloji terroru çatdırmaq idi ki, buna da prezidentin çıxışında geniş mənada nail olundu:
“İkinci bir tərəfdən toplantı həm də konkret təkliflərlə əhəmiyyətli oldu. Prezident tərəfindən BMT-nin Təhlükəsizlik Şurasının fəaliyyətinin heç də ədalətli olmamağını və müasir dövrün tələblərinə cavab verməməsinin səsləndirilməsi, eləcə də BMT Təhlükəsizlik Şurasında Qoşulmama Hərəkatına bir daimi yerin verilməsi, İslam Əməkdaşlıq Təşkilatına və Afrika İttifaqına sədrlik edən ölkələrə BMT Təhlükəsizlik Şurasında veto hüququ ilə rotasiya əsasında yerin ayrılması təlifi ilə çıxış etməsi bu qurumda ədalətin bərpa olunması baxımından olduqca əhəmiyyətli oldu. O cümlədən dünyadakı neokolonializm meyillərinin artması və neokolonializmi hələ də davam etdirən ölkələrdən birinin Fransa olması ilə bağlı səslənən fikirlər, Fransanın işğalçı və müstəmləkəçi siyasətinə son qoyması, soyqırım törətdiyi xalqlardan və dövlətlərdən üzr istəməsinin vacibliyi ilə bağlı deyilənlər də siyasi mesaj baxımından olduqca əhəmiyyətli oldu. Biz dünən və bu gün ərzində ayrı-ayrı ölkələrin və dünyanın aparıcı kütləvi informasiya vasitələrinin Qoşulmama Hərəkatının Bakı toplantısı haqqında yazılarına da baxdıqda görürük ki, çıxışlarda səslənən fikirlər və verilmiş mesajlarla beynəlxalq ictimaiyyətin diqqətini sadalanan problemlərə yönəltmək mümkün olub. Vacib olanı da elə bu idi və buna da nail olundu”.
Havar Şəfiyeva





