Gənclərdən nümunəvi addım
Bakı şəhəri Yasamal rayonunda gününün çox hissəsini küçələrdə kağız, yarpaq və butılka yığaraq keçirən qoca yaşayır. Bu şəxsin adı Azərdir. 66 yaşlı Azər Hacıyev, Yasamal rayonu Mirəli Seyidov küçəsində yararsız hala düşmüş avtomobillərdən birində gecələyir. Azərbaycanlı qocanın dediyinə görə, təqaüd almır və övladları yoxdur. Qardaşının yararsız hala düşmüş avtomobilində yaşayan Azər, 1 stəkan isti çaya belə möhtacdır. Qoca dilənmədiyini, sadəcə kağız yığıb yandıraraq isindiyini və ona kömək edən insanların hesabına həyatda qaldığını bildirir.
66 yaşlı Azərlə bağlı məlumat “Bizim Yol” qəzetinin facebook səhifəsində geniş işıqlandırıldıqdan sonra bir çox gənc ona kömək etmək üçün səfərbər oldu. Bu gün təxminən 20-yə yaxın gənc, qocanı ziyarətə gedib, ona qalın paltarlar və yemək aparıblar. Gənclərdən biri onun saqqal və saçını qırxıb. Daha sonra təcili tibbi yardımı hadisə yerinə çağıran gənclər, onu Maştağada yerləşən 7 saylı birləşmiş şəhər xəstəxanasına aparıblar. Gənclərin bildirdiyinə görə, qocanı xəstəxanada çimizdirib və yeni paltarlar verərək palatalardan birinə yerləşdiriblər. Onu müayinə edən həkim, qocanın vəziyyətinin normal olduğunu deyib. Gənclər bildirib ki, 15 gün müddətində xəstəxanada qalacaq qoca üçün şəxsiyyət vəsiqəsi hazırlanır və onun qocalar evinə yerləşdirilməsi üçün işlər görülür. Onlar bu məsələdə qurumların və təşkilatların da qocaya kömək edəcəyinə ümid edirlər.
Uzun müddət yararsız avtomobildə gecəlmiş qocanın görüntülərini təqdim edirik:
https://youtu.be/0eFo1yYnX8Y




