Xocalı faciəsinin 23-cü ili ilə bağlı anım tədbirləri dünyanın əksər bölgələrində keçirilib. Maraqlıdır ki, bu ilki tədbirlərin bir çoxunu hökumət qurumları deyil, tələbələr, xaricdə yaşayan azərbaycanlılar öz təşəbbüsləri ilə təşkil ediblər.
Belə tədbirlərdən biri də ABŞ-ın Kaliforniya ştatının Los Anceles şəhərində yaşayan azərbaycanlı tələbələr tərəfindən təşkil olunub. Bu barədə “Yeni Müsavat”a aksiyanın təşkilatçılarından biri olan Anar Dadaşov verib. A.Dadaşov bildirdi ki, fevralın 23-dən 26-dək azərbaycanlı tələbələr Elnur Paşa, Azər Adıgözəl, Samir Musayev, Həmid Nəcəfov, Elşən Gülməmmədov və bir neçə türkiyəli tələbə ilə birgə Kaliforniyanın Los Anceles şəhərində Xocalı hadisələrini insanlara çatdırmaq üçün broşurlar və köynəklər hazırlayıb: “Broşurlar şəhərin ən məşhur yerlərində, o cümlədən ildə 10 milyondan çox turistin gəldiyi “Hollywood walk of Fame”də yerli sakinlərə və turistlərə payladıq. Bundan başqa teatrların, universitetlərin, metro stansiyalarının qarşısında gənclərin çox olduğu yerlərdə 5 min ədəd broşur payladı”.
A.Dadaşov aksiya çərçivəsində tələbə gənclərlə söhbətlər edərək Xocalı həqiqətləri haqqında məlumatlandırdıqlarını bildirdi. Qeyd edək ki, təşəbbüs və aksiyanın təşkili bütövlükdə adları qeyd olunan tələbə gənclərin öz təşəbbüsləri olub. A.Dadaşov deyir ki, Amerika erməniləri ilə də təmaslar qurublar və bir sıra maraqlı detallarla qarşılaşıblar: “Hollivudda “Little Armenia” (kiçik Ermənistan) adlanan qəsəbə var. Biz aksiyanın bir hissəsini məhz bu qəsəbədə keçirdik. Əsasən ermənilər çoxluq təşkil edir. Məlum olur ki, ermənilər arasında yanlış təbliğat aparılır. Söhbət etdiyimiz erməni əsilli qızlardan biri bizə dedi ki, o torpaqlar bizim olub, indi də bizə qayıdıb.
Bu qız Amerikada doğulub, burda böyüyüb, burda təhsil alıb. Ondan soruşdum ki, bu məlumatı necə öyrənmisən? Mənə dedi ki, orta məktəbdə tarix kitablarından. Ermənilərin Kaliforniyadakı lobbisi o qədər güclüdür ki, hətta bu kimi məsələlərə təsir edir, yerli tarix dərsərinə erməni yalanlar ayaq açır. Qeyri-rəsmi məlumata görə, Kaliforniyada 2 milyondan çox erməni yaşayır”.








