
Qış mövsümü bitsə də, əhaliyə təbii qazın verilməsində problemlər hələ də qalmaqdadır. Ona görə də, Bakı və Bakıətrafı rayonlarda təbii qazın verilməsi ilə bağlı şikayətlər getdikcə artır.
Problemli ərazilərdən biri də Maştağa qəsəbəsidir.
Maştağa qəsəbəsindəki Heybət Heybətov küçəsinin sakinləri musavat.com-a bildiriblər ki, 15 günə yaxındır ki, onların küçəsinə təbii qazın verilməsində problemlər var: “Hər yerə qaz verirlər, bizdən başqa… Daha doğrusu, çox zəif verirlər. Qazın təzyiqi elədir ki, alışqanı vurub, qazı yandıran kimi, alov sönür. Həddindən artıq zəifdir.
15 gündür ki, bu durumdayıq. Hər şeydə elektrikdən istifadə edirik. Elektrik sayğacına baxmağa ürəyim gəlmir. Bilirəm ki, həddindən artıq pul ödəməli olacağam. Qəsəbədəki qaz idarəsinə dəfələrlə müraciət etmişik. Hər dəfə də “Narahat olmayın, düzələcək” deyirlər. Amma heçə nə düzəlmir.
Bəhanə gətirirlər ki, guya problem “Azəriqaz”a görədir. Sakinlər pul ödəmədikləri üçün qazın verilməsində problem var. Amma bütün bunlar yalandır. Çünki hər evdə qaz sayğacı var. Hamısı da “smart-kart”dır. Yəni pulunu ödəməsən, qazdan istifadə etməyin mümkün deyil. Əvvəlki kimi, aylıq ödəniş olsaydı, belə bir bəhanə uydura bilərdilər. İndi isə yox…
“Azəriqaz”a zəng vurmuşuq. Amma telefonlara cavab verən olmayıb. Mən ödənişimi vaxtlı-vaxtında verdiyim halda, niyə mənim qazım zəif verilməlidir?”
Bu məsələni aydınlaşdır üçün “Azəriqaz” QSC-nə zəng vurduq. Dəfələrlə əlaqə saxlamağa çalışsaq da, bu qurumdan telefon zənglərimizə cavab verən olmadı.



