
Akademik Milli Dram Teatrında bu günlərdə dünyasını dəyişən xalq artisti İlham Əsgərov üçün anım mərasimi keçiriləcək. Bu barədə ANS TV-nin “Günəbaxan” verilişində bildirilib. Verilişin aparıcısı Elgiz Əkbər canlı yayımda bildirib ki, teatrın rəhbərliyi mərhum xalq artisti İlham Əsgərov üçün böyük anım tədbiri keçirəcəyi barədə qərar qəbul edib. Aparıcının sözlərinə görə, tədbirin hansı tarixdə keçiriləcəyi barədə mətbuata məlumat veriləcək.
Qeyd edək ki, sentyabrın 6-da qəfildən dünyasını dəyişən xalq artisti üçün vida mərasimi 33 il fəaliyyət göstərdiyi Akademik Milli Dram Teatrında deyil, öz evində keçirilmişdi. Bir çoxları xalq artistinin Fəxri Xiyabanda dəfn oluncağını gözləsə də İlham Əsgərov sentyabrın 7-də doğulub-böyüdüyü Masallı rayonunun Xançobalı kəndində torpağa tapşırılıb.
Buna görə də teatrın aktyor kollektivi və xalq artistinin həyat yoldaşı Yeganə Əsgərova mətbuata açıqlama verərək öz narazılıqlarını bildrimişdi.



