Moldova parlamenti “Azercell” şirkətinin keçmiş rəhbəri Kirill Qaburiçin baş nazir postuna namizədliyini bu gün təsdiq edib. Onun namizədliyini 60 deputat dəstəkləyib.
K.Qaburiçin baş nazir postuna namizədliyi fevralın 14-də Moldova prezidenti Nikolae Timofti tərəfindən irəli sürülmüşdü.
K.Qaburiçin proqramında əsas vəzifə Moldova ilə Avropa İttifaqı arasında assosiasiya haqqında sazişin tətbiqidir.
“Real olaraq bir neçə il ərzində Moldova Avropa İttifaqının tamhüquqlu üzvü olmalıdır” – deyən K.Qaburiç əlavə edib ki, Moldova ənənəvi tərəfdaşları olan Rusiya, Ukrayna və Rumıniya ilə də münasibətləri inkişaf etdirməlidir.
Qeyd edək ki, 38 yaşlı Kirill Qaburiç bundan əvvəl Moldovada mobil rabitə şirkətlərindən birinin baş direktoru vəzifəsini tutub. 2012-ci ildə o, Azərbaycanda “Azercell” şirkətinin rəhbəri vəzifəsinə təyin olunub. Lakin o, “Teliasonera Group” şirkətində çalışmaqda maraqlı olmadığını bildirərək 2014-cü ilin dekabrında bu vəzifədən gedib.



