Ramil Osmanlı: “Bu layihənin adını “sosial ev” qoyublar, ancaq faktiki…”
İki gün öncə Mənzil İnşaatı Dövlət Agentliyinin “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyətinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi qaydası təsdiq edilib.
“MİDA” MMC-nin mənzilləri ilə bağlı qaydalarda qeyd olunur ki, bu mənzillər “Azərbaycan İpoteka Fondu” ASC-nin vəsaiti hesabına verilən güzəştli ipoteka krediti və ya nağd qayda ilə satılacaq. Güzəştlə mənzil almaq üçün ASC-nin agent bankdan ipoteka krediti alınacaq.
Qeyd edilir ki, bu mənzillər bazar dəyərindən aşağı qiymətə satılacaq. Qaydalarda bildirilir ki, mənzil güzəştli qiymətlə ipoteka krediti hesabına və ya ərizəçinin öz vəsaiti, yaxud kredit təşkilatından cəlb etdiyi kredit hesabına əldə edilə bilər. Güzəştli qiyməti “MİDA” MMC-nin təklifləri əsasında onun Müşahidə Şurası mənzilin qiymətini orta bazar qiymətindən aşağı müəyyən edəcək. Mənzilləri güzəştlə əldə etmək hüququ gənc ailənin üzvü olan şəhid və milli qəhrəman ailəsi, ən azı 3 il dövlət qulluğunda qulluq edənlər, fəlsəfə doktoru elmi dərəcəsi olan şəxslər, ən azı 3 il hərbi xidmətdə olanlar, ən azı 3 il daxili işlər orqanlarında xidmət keçən xüsusi rütbəsi olan şəxslərə tanınır.
Bəs görəsən, aztəminatlı ailələr, mənzil almaq arzusu ilə yaşayan, lakin buna imkanı olmayan, minimum əmək haqqı ilə yaşayan şəxslər bu layihədən yararlana biləcəkmi?
“Yeni Müsavat”ın sualını cavablandıran daşınmaz əmlak məsələləri üzrə ekspert, Qiymətləndiricilər Cəmiyyətinin sədri Ramil Osmanlının sözlərinə görə, aztəminatlı ailələr bu imkandan faydalana bilməyəcəklər: “Çox təəssüflər olsun ki, indiki qaydaları nəzərə alsaq, aztəminatlı ailələr, hazırda kirayədə yaşayanlar, minimum əmək haqqına yaxın aylıq gəliri olanlar bu güzəştli mənzillərdən yararlana bilməyəcəklər. Faktiki olaraq, indiki sosial mənzil layihəsi ipoteka kreditləşməsinin alternatividir. Görünən odur ki, şəhid ailələri, qaçqınlar, hərbi sahədə çalışan dövlət qulluqçuları, dövlət qulluğunda çalışan insanlar güzəştli mənzillərdən yararlana biləcəklər. Sadəcə, o kateqoriyaya müəllimləri əlavə ediblər. Müəllimlərlə bağlı qaydalar, onların əmək haqqının tənzimlənməsi, bu layihədən yararlana bilmələr necə olacaq, bunu deyə bilmərəm. Amma faktiki olaraq, indiki qaydalara görə sizin dediyiniz qruplar təəssüflər olsun ki, layihədən yararlana bilməyəcəklər. Gələcəkdə qanunvericilikdə müəyyən dəyişikliklər etməklə, bu sahəyə cavabdeh olan ayrı-ayrı qurumların təkliflərini nəzərə almaqla yəqin ki, aztəminatlı ailələrin bu proqramdan yararlanmasına şərait yaradılacaq. Əks halda, bu layihənin sosiallığı sual altında qalır”.
Ekspertin sözlərinə görə, indiki halda bu layihədən əsasən orta təbəqə yararlana biləcək: “Məsələn, polislər, müəllimlər, müxtəlif təyinatlı qruplar yararlana bilərlər. Yəqin ki, burada insanların əmək haqqı da nəzərə alınacaq. Çünki 10 faiz ilkin ödəniş nəzərdə tutulur. Bu isə ən yaxşı halda, təxminən 50 min manat dəyərində bir mənzil üçün 5 min manat ilkin ödəniş deməkdir. Biz əvvəlcədən gözləyirdik ki, Azərbaycanda ”sosial ev” layihəsinin müzakirəsi zamanı səsləndirilən təkliflər, eyni zamanda beynəlxalq təcrübə nəzərə alınacaq, aylıq ödənişlər təxminən 100 manat ətrafında formalaşacaq. Ancaq təəssüflər olsun ki, bu belə olmadı. Hələlik müəyyən ümidlərlə gözləməyə məcburuq”.
Ramil Osmanlı onu da vurğuladı ki, bu, uzun illərdir müzakirə edilən “sosial ev” layihəsi deyil: “Bu layihənin adını ”sosial ev” qoyublar, ancaq faktiki olaraq o deyil. İndi qeyd olunan bu qaydalar əslində ipoteka kreditləşməsində var idi. Sadəcə, ipoteka kreditlərinin verilmə qaydalarının bir qədər sadələşdirilmiş formasıdır. Bunu həmin qurumun içində də etmək olardı. Xüsusi bir struktur vahidi yaradıb, orada 50-100 nəfər işçi saxlayıb, dövlət büdcəsindən əlavə saxlanma xərcləri ayırmağa ehtiyac yox idi. İpoteka Fondunun tərkibində 5-10 nəfərlik şöbə yaratmaqla da bu prosesi aparmaq olardı”.