Qaraciyərdə sinir ucları yoxdur . Buna görə də hətta çox ciddi pozulmalar zamanı qaraciyər ağrımır və heç bir digər ciddi simptomlar pozulma haqqında xəbər vermir.
Bu xüsusiyyətinə görə qaraciyəri “lal” orqan adlandırırlar. Qaraciyərin bu xüsusiyyətinin sayəsində qaraciyər xəstəlikləri əksər hallarda çox gec aşkar olunur.
Lakin bəzi simptomlar var ki, bu simptomlar qaraciyərdə olan problemlərə işarə edir . Bunları bilmək mütləqdir.
Sizi uzun müddət ərzində səbəbsiz yorğunluq, yuxululuq, zəiflik, apatiya (həyata marağın itməsi) kimi simptomlar narahat edirsə, mütləq qaraciyərinizi yoxlayın.
Qaraciyər orqanizmdə filtr funksiyanı yerinə yetirir – orqanizmə xarici aləmdən daxil olan və orqanizmin fəaliyyəti zamanı orqanizmin özündə əmələ gələn ziyanlı maddələri zərərsizləşdirir. Buna “detoksikasiya” deyilir.
Qaraciyər öz funksiyalarını normal yerinə yetirmədikdə, ziyanlı maddələr orqanizmdə toplanmağa başlayır. Bu isə orqanizmin xroniki zəhərlənməsinə (intoksikasiya) səbəb olur. Xroniki intoksikasiya bütün orqanlara ”vurur”. Beyin xroniki intoksikasiyaya daimi səbəbsiz yorğunluq, yuxululuq, əhval-ruhiyyənin pisləşməsi, apatiya və s. kimi pozulmalarla reaksiya verir.
Digər qaraciyər xəstəliklərinin ilkin simptomları arasında aşağıdakılar vardır:
– Həzm proseslərinin pozulmaları (qarında köp, duru nəcis ifrazı)
– Dəridə qaşınma, səpgilər, ləkələr, dərinin vəziyyətinin kəskin və səbəbsiz pisləşməsi
– Ürəkbulanma
– İştahanın pozulması.
Bizə ciddi görünməyən bu simptomlar çox ciddi qaraciyər xəstəliklərinin simptomları ola bilər.




