Peyvəndlər immunitet sisteminə spesifik mikrob və viruslara qarşı lazımi qoruyucu antikor hüceyrələrinin yaranmasına kömək edir. Patogen mikroblar bədənə daxil olanda, bu hüceyrələr zərərli mikrobları tez və effektiv şəkildə tanıya və zərərsizləşdirə bilirlər. Bəzi insanlar xəstəlikdən sonra infeksiyaya qarşı immunitetin davamlı və “təbii” olduğuna inanırlar. Bir şəxs yoluxucu xəstəliyi nisbətən asanlıqla keçirsə belə (məsələn, pnevmokok, meningokok və ya hemofil infeksiyasını), ona qarşı immunnitet adətən qeyri-sabitdir və yoluxanlar yenidən xəstələnməmək üçün peyvəndlənməlidir.
Elchi.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, professor Hüseyn Qabulov bildirib.
Həkimq eyd edib ki, əgər insan peyvənd olunmazsa və xəstələnərsə, bu, ciddi fəsad, əlillik, beyin, qaraciyər və digər orqanların zədələnməsinə səbəb ola bilər:
“Vaxtında edilən peyvənd, əksinə, bizi bu cür arzuolunmaz nəticələrdən qoruyur. Daha bir məqamı nəzərə almaq vacibdir ki, peyvənd olunmamış və yoluxmuş hər bir şəxs ətrafındakı insanlar üçün infeksiya mənbəyidir.
Elmi araşdırmalarla əsaslı şəkildə sübut olunub ki, hətta bir neçə peyvəndin eyni vaxtda tətbiqi belə uşağın immunitetinə mənfi təsir göstərmir. Doğuşdan dərhal sonra körpələr hər gün yüzlərlə və minlərlə yad maddələrə və mikroorqanizmlərə, müxtəlif, o cümlədən patogen bakteriyaların təsirinə məruz qalırlar. Buna baxmayaraq, onların immun sistemi bu yükün öhdəsindən uğurla gəlir. Ancaq təəssüf ki, körpə üçün çox təhlükəli olan mikroblar var və immunitet sistemi müqavimət göstərənə qədər bu infeksiyalar körpələrin sağlamlığına zərər verə bilər. Məhz bu mikroblara qarşı peyvəndlər tətbiq olunur”.
“Hazırda uşaqların sağlamlığı üçün təhlükəli olan hepatit B, vərəm, poliomielit, göy öskürək, difteriya, tetanus, pnevmoniya, qızılca, məxmərək və s. kimi xəstəliklərə qarşı peyvəndlər aparılır.
Sonda, bir də qeyd etmək lazımdır ki, uşaqlar üçün profilaktik peyvənd cədvəlinə daxil edilən hər bir peyvənd orta hesabla 10-15 il sınaqdan keçirilir. Təhlükəsizliyi sübut olunduqdan sonra effektivliyini və arzuolunmayan əlavə təsirlərinin olmamasını təmin etmək üçün minlərlə könüllü üzərində sınaqdan keçirilir.
Hər hansı bir peyvəndin uşağın infeksiyadan qorumağa kömək etməsi və mənfi reaksiyaların ehtimalını azalması üçün müvafiq məsləhətlər verəcək həkimin tövsiyələrinə əməl etmək vacibdir”,- nazirlik rəsmisi əlavə edib.






