Bakı əmindir ki, İrəvanla münasibətlərin normallaşdırılmasının alternativi yoxdur və sülh sazişi imzalamağa hazırdır.
Bunu Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev beynəlxalq təşkilatın Təhlükəsizlik Şurasında çıxışı zamanı deyib.
“Azərbaycan Ermənistanla dövlətlərarası münasibətləri, o cümlədən davamlı sülhü, inkişafı, tərəqqini təmin edəcək sülh sazişinin imzalanması yolu ilə normallaşdırmağa hazır olduğunu bildirir”, – diplomat bildirib.
Yaşar Əliyev eyni zamanda sərhəddəki vəziyyəti Ermənistanın təhlükəli revanşist ideyalarının nəticəsi kimi qiymətləndirib.
“Azərbaycan əmindir ki, iki ölkə arasında beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində qarşılıqlı tanınma, bir-birinin suverenliyinə, ərazi bütövlüyünə hörmət əsasında münasibətlərin normallaşdırılmasının alternativi yoxdur”, – o deyib.
Daimi nümayəndənin sözlərinə görə, belə normallaşmanın məqsədi Azərbaycan və Ermənistanın barışıq və dinc yanaşı yaşamasıdır.
Qeyd edək ki, Ermənistan ötən gün növbəti dəfə dövlət sərhədində genişmiqyaslı təxribat törədib.
Genişmiqyaslı təxribat törətməklə qısa müddətli üstünlüyə nail olmaq istəyən Ermənistan hərbi bölmələrinin hücumu əməliyyat-taktiki baxımından tam iflasa uğrayıb və növbəti dəfə rəsmi İrəvanın təxribat törətmək cəhdi uğursuzluqla nəticələnib.




