
İdman tarixində böyük bir ilkə imza atan Azərbaycanın yığması üstəlik, 56 medalla yarış ikincisi oldu; tədbirin bağlanışı daha təntənəli keçdi…
Azərbaycanda keçirilən ilk Avropa Yay Oyunları dünən təntənəli şəkildə başa çatdı. Məlumat üçün bildirək ki, yarışlara qatılmaq üçün ölkəmizə “köhnə qitə”nin 50 ölkəsindən 6 mindən çox idmançı, həmçinin 10 minə yaxın nümayəndə heyəti təşrif buyurmuşdu. Onların arasında işğalçı Ermənistanın nümayəndələri də var idi.
İdmançılar 16 gün ərzində 20 idman növü (onlardan 16-sı Olimpiya növü sayılır) üzrə mübarizə apardılar. İkiqat sevindiricidir ki, Azərbaycan bu oyunlara uğurlu ev sahibliyi etməklə yanaşı, böyük bir idman uğuruna da imza ata bildi. Belə ki, yığmamız “Bakı-2015″i 56 medalla başa vuraraq, qitənin ikincisi adını qazandı.
21 qızıl, 15 gümüş və 20 bürünc medal qazanan komandamız yalnız Avropanın şəksiz lideri olan Rusiyadan geri qaldı. Almaniya, Fransa, Böyük Britaniya, İtaliya, Ukrayna və Türkiyə kimi nəhəng ölkələrin yığmalarını arxada qoyan millimiz “Rio-2016″ Olimpiada öncəsi azarkeşlərinə böyük ümid verdi. Bununla da sonuncu – London Olimpiadasında 10 medal qazanan idmançılarımız potensialının daha böyük olduğunu və Cənubi Amerikada daha yüksək nəticə göstərə biləcəyini nümayiş etdirdi.
Burdaca qeyd edək ki, Ermənistan millisi yarışlarda bircə qızıl medal da qazana bilmədi, işğalçı ölkənin himni Bakıda səslənmədi.
Azərbaycan qızıl medallarını əsasən boks, taekvando, güləş, karate, idman gimnastikası, habelə paracüdoda qazandı. Bütövlükdə I Avropa Oyunlarını həm yığmamız, həm də ölkəmiz adına böyük nailiyyət hesab etmək olar. Həm də ona görə ki, Azərbaycan yeni beynəlxalq yarışın təməlini qoyaraq, növbəti ev sahibləri üçün əlçatmaz nümunə göstərdi. Ən önəmlisi, ölkəmiz bu kimi böyük idman yarışları keçirməyə hazır olduğunu sübut etdi, daha böyük idman yarışları keçirməyə iddia etmək üçün mənəvi haqq qazandı.
Dünən Bakı Olimpiya Stadionunda Avropa Oyunlarının təntənəli bağlanış mərasimi oldu. Gözlənildiyi kimi, bağlanış tədbiri də açılış kimi möhtəşəm keçdi.
Qeyd edək ki, bağlanış mərasiminə bir sıra ölkələrdən yüksək ranqlı qonaqlar qatılıb. Onların arasında Rusiya Dövlət Dumasının spikeri Sergey Narışkin, Bolqarıstan prezidenti Rosen Plevneliyev də olub.