“Əgər mümkünsə evimin qaytarılmasına və ya Saratov şəhəri ilə dəyişdirilməsinə kömək edin”
Saratovda yaşayan Bakı ermənisi qadın – Yelizaveta Gerasimovna Stepanyan “Yeni Müsavat” qəzetinin elektron poçt ünvanına məktub göndərərək vaxtilə Bakıda yaşadığı evin ona qaytarılmasına kömək edilməsini istəyir.
Y.Stepanyan yazır: “Mən, nənələrim və valideynlərim, hamımız Bakıda doğulmuşuq və bu şəhərdə böyümüşük. Mən Bayıl qəsəbəsində, kərpic daxmada ərim və iki övladımla yaşayırdım. 1987-ci ildə biz Yeni Günəşli qəsəbəsində üçotaqlı mənzil aldıq. 1989-ci ildə erməni-azərbaycanlı münaqişəsi üzündən evimizi tərk etdik.
Biz evimizi olduğu kimi qoyub qaçmalı olduq. Evdə olan hər şeyimiz, mebellər və digər əmlakımız qaldı. Mənzilin orderi əlimdədir. Biz gedəndən sonra, 13.01.90-cı ildə qonşularımız teleqram vurdular ki, mənzilin qapısını açıb giriblər, ancaq orda heç nə yoxdur. Mən Moskvaya DİN-ə, Kryuçkovun adına (burada Stepanyan yanılır, Kryuçkov SSRİ DTK-sının rəhbəri olub) teleqram göndərdim. Mənə Moskvadan və Bakıdan cavab gəldi ki, şəhərə gəlim və milislərlə birgə qonşuları gəzərək öz əmlakımı toplayım, ancaq mən Bakıya getməyə qorxdum. Sizdən xahiş edirəm ki, əgər mümkünsə evimin qaytarılmasına və ya Saratov şəhəri ilə dəyişdirilməsinə kömək edin. Yaxud da mənə yaxşı bir vəkil məsləhət görün”.
Y.Stepanyan məktubunun sonunda telefon nömrəsi də göstərib.