“Serj Sarkisyan rejimindən boğaza yığılmış Ermənistan vətəndaşları, siyasətçilər, politoloqlar, vətəndaş cəmiyyətinin nümayəndələri regionda gedən prosesləri, Azərbaycanın inkişafını görür və buna görə də sülhü dəstəkləyərək “Ermənistanla Azərbaycan arasında sülh naminə Platforma”ya qoşulmaqdan başqa yol görmürlər. Başa düşürlər ki, regionda işğala, terrora son qoymaq üçün yeganə yol əməkdaşlıqdır”.
Bunu Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun (MQF) prezidenti Rauf Zeyni deyib.
Onun sözlərinə görə, region ölkələri arasında əməkdaşlıqdan söhbət gedirsə, ilk növbədə Ermənistan Azərbacan torpaqlarının işğalına son qoymalıdır: “Bunu anlayan erməni milliyətindən olanların bu prosesə qoşulması təbiidir. Çünki, insanlar bu məsələlərin görünən və görünməyən tərəflərini yaxşı anlayırlar. Ona görə də Ermənistanda keçirilən mitinqlərdə “Bizə Qarabağ lazım deyil”, “Övladlarımızı bizə verin” kimi tələblər səsləndirilirdi. Bu isə ondan irəli gəlir ki, erməni anaları nəticəsi olmayan müharibəyə övladlarını göndərmək istəmir. Ona görə də erməni ziyalıları bu sülh platformasına qoşulurlar. Hesab edirəm ki, bu proses öz sıralarına daha çox insan cəlb edəcək”.

R.Zeyni vurğulayıb ki, bu proses Sarkisyan rejimini narahat edir: “Platformaya qoşulanların sayının artması Sarkisyan rejimini panikaya salıb. Rejim başa düşür ki, qısa zaman ərzində minlərlə insan bu platformaya qoşula bilər. Bu isə onların sonu deməkdir. Artıq erməni xalqı işğala son qoyulmasını tələb edir, buna öz etirazını bildirir və xalq diplomatiyasından istifadə edərək münaqişənin həllinə töhfə vermək istəyir.
Aprel döyüşlərindən sonra Sarkisyan rejimi və erməni xalqı gördü ki, Azərbaycan hərbi yolla torpaqlarını işğaldan azad etməyə qadirdir. Bunu anlayan Ermənistan vətəndaşları başa düşür ki, sülh platforması öz işini görməlidir. Bu səbəbdən sülh platformasına dəstək verirlər”.
MQF prezidenti, həmçinin qeyd edib ki, Sarkisyan rejimi bütün vəchlə platformaya qoşulanların qarşısını kəsməyə çalışır: “Ermənistan xüsusi xidmət orqanları bu prosesə qoşulanları həbs edir, təzyiq göstərir. Bu ondan irəli gəlir ki, rejim sülhə qarşıdır. Ancaq, belə ağır bir şəraitdə ermənilər platformaya qoşulurlar. Çünki, rəhbəliklərinin mahiyyətini anlayırlar. Ona görə də bütün bu təzyiqlərə baxmayaraq, öz dövlətinin, regionun gələcəyini düşünən insanlar bu prosesə qoşulmalıdır”.
.jpg)
Qeyd edək ki, 2016-cı ilin noyabr ayında “Ermənistanla Azərbaycan arasında sülh naminə Platforma” yaradılıb. Platforma Ermənistan və Azərbaycan hakimiyyətlərini Azərbaycanın Dağlıq Qarabağ bölgəsi ətrafındakı 7 işğal olunmuş rayonun azad edilməsi istiqamətində kompleks tədbirləri görməyə çağırır.
İlk addım kimi məcburi köçkünlərin öz evlərinə qayıtması, Dağlıq Qarabağı erməni və azərbaycanlı icmalarının təhlükəsizliyinin təmin edilməsi, habelə Ermənistan və Azərbaycan arasında iqtisadi, siyasi əlaqələrin bərpası və kommunikasıyaların açılması olmalıdır.
Platforma Azərbaycan və Ermənistan xalqlarını barışdırmaq üçün addımlar atacaraq birgə yaşayış, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin yekun statusu və sülh prosesinin müzakirəsi üçün Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları nümayəndələrinin görüşlərini təmin edəcək. Münaqişənin tezliklə sülh yolu ilə həllinə töhfə vermək məqsədi ilə Platforma iki ölkənin ictimaiyyət nümayəndələri ilə daimi əməkdaşlıq quracaq və effektiv xalq diplomatik fəaliyyətə cəlb olunacaq.




