Xətai rayonunda olan fəvvarələr parkı sökülür. 2 il öncə 10 milyon manatdan çox vəsait hesabına başa gələn park tamamı ilə sökülüb. Parkın, daimi avtomobil sıxlığı nəticəsində yaranan tıxacın aradan qaldırılması məqsədilə söküldüyü deyilir.
Düz iki il öncə, 2015-ci ilin fevralında Yusif Səfərov küçəsindəki (Mərkəzi Neftçilər Xəstəxanasının qarşısı) köhnə parkın yerində fəvvarələr parkının salınması üçün büdcədən 10 milyon manatdan çox vəsait ayrılaraq xərclənmişdi. Xətainin heykəlinin arxasında yerləşən bu park səliqəli və təmiz idi. Nə təmirə, nə də dəyişikliyə ehtiyacı var idi. Ancaq günün birində park uçurulub dağıdıldı, oturacaqlar götürüldü, ərazi fəvvarələr və işıqlandırma kompleksinə çevrildi.
Amma bu qədər xərc çəkilən parka girişi mümkünsüz oldu. Yol olmadığından həmin vaxt əhali bu əraziyə girə bilmirdi. Çünki ərazidə nəqliyyatın hərəkət intensivliyi elədir ki, oraya hər hansı bir istiqamətdən giriş yoxdur, bu, faktiki mümkünsüzdür, yeraltı keçid də yoxdur. Gecə-gündüz bərq vuran işıqlar ancaq yoldan keçən avtomobil sürücülərinin gözünü oxşayırdı. Elədirsə, yalnız kənardan izlənməsi üçün yaradılmış bu parka milyonlarla vəsaiti xərcləməyə dəyərdimi? Əgər bu pullar xərclənibsə, indi parkın sökülməsi həmin xərcin havaya sovurulması demək deyilmi?
Şəhərin, yolların planlaması aparılan zaman ən azı yaxın 5 il nəzərdə tutulur. Bəs, bu park tikilən zaman həmin ərazidə nəqliyyatın sıxlığı nəzərə alınmayıbmı? Əslində suallar həddən artıq çoxdur. Çünki ölkəmizin hazırkı iqtisadi vəziyyəti bu kimi “səhvləri” qaldıracaq durumda deyil. Hər şeydən maksimum qənaət etmək lazım olduğu bir zamanda 10 milyon manat xərclənmiş parkı söküb, həmin pulları havaya sovurub, üstəlik, yeni xərclər yaratmaq məntiqli görünürmü?
Hazırda ən müasir tələblər səviyyəsində qurulan, keyfiyyətli, yəni həddən artıq bahalı plitələrin döşəndiyi kompleks darmadağın edilir. Vaxtı ilə park haqqında məlumat verəndə, “Uzunluğu 150 metr olan kompleks ən müasir tələblər səviyyəsində qurulub. Fəvvarələr və şəlalələr kompleksinin altında müasir texniki infrastruktur və idarəetmə mərkəzi yaradılıb. Müxtəlif rəngli 700-dən artıq işıq effekti fəvvarələrə xüsusi yaraşıq verəcək” deyilirdi. İndi bu yaraşıq yük maşınları arxasında zibilliyə daşınır.
Həmin ərazidə və məlum fəvvarələr parkı ilə bitişik Azərbaycanın əski dövlətinin banisi Xətainin də heykəli var və həmin heykəl də hasara alınıb. Əgər bu ərazidə park sökülürsə və yol genişləndirilirsə, onda Xətainin heykəli də bu ərazidən götürülməlidir. Əgər götürülərsə, bəs harada yerləşdiriləcək? Bu suala heç bir qurum normal cavab verə bilmir. “Azəravtoyol” ASC bu işlə Mədəniyyət və Turizm Nazirliyinin məşğul olduğunu, nazirlik isə heykəllərin qoyulması və götürülməsi işi ilə BŞİH-nin məşğul olduğunu deyir. BŞİH isə ümumiyyətlə suallara cavab vermək niyyətində deyil.
“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Anar Nəcəflin Yusif Səfərov küçəsindəki məlum söküntü ilə bağlı dediyi kimi, “Küçənin 28 may və Üzeyir Hacıbəyli küçələri ilə kəsişməsinədə olan hissəsində söküntü işləri aparılır. Bu da həmin hissədə yolun hər iki istiqamət üzrə 3 hərəkət zolağından 6 hərəkət zolağına qədər genişləndirilməsi planı ilə bağlıdır. Genişləndirmə işləri sözügedən ərazidə sıxlığın azalmasına gətirib çıxaracaq” sözlərini nəzərə alsaq, deməli Xətainin heykəli burada qala bilməz. Altızolaqlı yolun ortasında heykəl necə qala bilər? Əgər sakin üzü görməyən park salınmışdısa, bu da ola bilər. Yolun düz ortasında heykəl…
Xətai sakinləri parkın sökülməsini israfçılıq adlandırırlar: “Burada lap əvvəllər yaxşı park var idi. Onu sökdülər, yerində heç kimi ayaq basa bilmədiyi fəvvarələr parkını tikdilər. 2 il keçdi, onu da sökürlər ki, “yol çəkirik”. Yəqin bir neçə il sonra da yolu bağlayıb, bina tikərlər. Bəlkə o binanı da sökdülər. İsrafçılıqdır. Ölkəmizin milyonları beləcə israf edilir”.
2015-ci ilin dövlət büdcəsinə görə, mənzil və kommunal təsərrüfatı sahəsi üzrə yaşayış məntəqələrinə aid olan kommunal təyinatlı infrastrukturların bərpası, yenidən qurulması və abadlaşdırılmasına 65 milyon manat ayrılıb. Həmin milyonların bir hissəsi hazırda Yusif Səfərov küçəsində məhv edilir.
Məhəmməd Türkmən,
Musavat.com,
Fotolar müəllifindir.













