Bakı Nəqliyyat Agentliyi avtobusların iştirakı ilə baş verən qəzayla bağlı məlumat yayıb.
BNA-dan Elchi.az-a verilən xəbərə görə, yanvarın 6-da Suraxanı qəsəbəsi Zığ şosesində 104, 113 və 217 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobusların iştirakı ilə yol nəqliyyat hadisəsi baş verib. Hadisə nəzarətə götürülərək müvafiq araşdırma aparılıb. Marşrut xətləri üzrə sərnişindaşıma fəaliyyəti göstərən “BUS TRANS” MMC”, “Transkontrol” MMC və “Azlənd Plaza” MMC-nin məsul şəxsləri Bakı Nəqliyyat Agentliyinə çağırılaraq izahatları alınıb.
Hadisə nəqliyyat vasitələrinin reysə başlanma vaxtından əvvəl qeyd alındığından avtobuslarda sərnişin olmayıb. “Azlənd Plaza” MMC müvəqqəti istismarında olan 217 nömrəli marşrutun sürücüsü xəsarət alıb.
***
10:24
Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Elchi.az-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, bu gün səhər saat 06:00 radələrində Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Suraxanı rayonu ərazisində Suraxanı dairəsində bir neçə avtomobilin iştirakı ilə yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
Dərhal əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən 3 avtobusun iştirakı ilə yol-nəqliyyat qəzasının baş verdiyi, hadisə nəticəsində 1990-cı il təvəllüdlü Məmmədov Rəvan Fazil oğlunun idarə etdiyi “Daewoo” markalı avtobusda sıxılı vəziyyətdə qaldığı müəyyən olunub.
Xilasedicilər xüsusi xilasetmə alət və avadanlıqları vasitəsilə sıxılı vəziyyətdə qalmış avtobus sürücüsünü xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.






