Martın 27-də paytaxtın Səbayıl və Yasamal rayonlarında eşidilən uğultu ilə bağlı hələlik elmi izah olmadığından, sosial şəbəkələrdə və mediada dini-mövhumatı yanaşmalar yayılmaqdadır.
Axar.az xəbər verir ki, elmi və dini bilgisizlikdən irəli gələn bu cür yanaşmalarda hətta eşidilən səsi “UNO səsi”, “Məşhər səsi” və ya “Qiyamətin əlaməti” kimi yozanlar da tapılır.
Halbuki ötən gün Bakının sözügedən ərazisində eşidilən səs heç də ilk hadisə deyildi.
2012-ci il yanvarın 25-də də məhz həmin ərazidə eynilə ötəngünkünə bənzər səs eşidilmişdi və Yutub sosial şəbəkəsində də yerləşdirilmişdi. Həmin vaxtlarda 21.12.2012-ci il tarixdə dünyanın sonunun olacağı barədə xəbərlər aktual olduğundan, sosial şəbəkələrdə həmin səsi bu tarixlə əlaqələndirib, “Qiyamətin gəldiyi” barədə ehtimallar da irəli sürülmüşdü.
Hələ o vaxt ezoterik-tədqiqatçı Vaqif Ələkbərov açıqlamasında “məhşər səsi”nin eşidilməsilə bağlı yayılmış xəbərləri gülünc adlandırmışdı:
“Belə qeyri-adi səsləri ilk növbədə sənaye ilə əlaqələndirmək olar. Yəni qaldırıcı kranlardan, yeraltı boruların rezonansından, metro tunelinin qazılmasından və sairdən belə səslər yarana bilər. Amma jurnalistlərin “Yerin uğultusu” kimi təqdim etdikləri aşağı tezlikli uğultu dünyanın müxtəlif yerlərində insanları ən azı ötən ilin yayından (2011-ci il nəzərdə tutulur – red.) narahat etməyə başlayıb”.
Bir daha xatırladırıq ki, paytaxtın Səbayıl rayonu və ətraf ərazilərdə neft quyuları yerləşir. Yaranan səs boşalmış quyularda suxurlar arasında boşluğun yaranmasından da qaynaqlana bilər.
https://youtu.be/5JdWPK5fneE




