Qüdrət Həsənquliyev: “Bakı şəhərində sıxlıqla bağlı xüsusi dövlət proqramı qəbul olunmalıdır”
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən plenar iclasında çıxış edib. Millət vəkili öncə deputat həmkarı Cavanşir Paşazadəni 70 illik yubileyi münasibətilə təbrik edib: “Hörmətli Cavanşir Paşazadənin 70 yaşı tamam olur. Uzun illərdir ki biz deputat yoldaşıyıq. Bu illər ərzində Cavanşir Paşazadənin özünü təsdiq üçün ona hörmətlə yanaşanalara hörmətsizlik etdiyini, buna görə də kimdəsə qısqanclıq hissi yaratdığını, öz səhvlərinə görə başqasını ittiham etdiyini, üzr istəmək lazım gələndə bunu arxada və baqaşalarının vasitəsilə etdiyini görmədik. Bütün bu keyfiyyətlərinə görə, o ən böyük hörmətə layiqidir. Ona möhkəm can sağlığı, şəxsi həyatında və dövlətimiz üçün gördüyü işlərdə uğurlar arzu edirəm”.
“Rəsmilərin diqqətinə çatdıracağım digər mühüm bir məsələ ondan ibarətdir ki, bu günlərdə bizim hörmətli həmkarımız Fazil Mustafaya qarşı terror aksiyası təşkil edən, xarici dövlətlərlə, xüsusilə də İran xüsusi xidmət orqanları ilə işbirliyində olan cinayətkar dəstənin üzvləri ifşa olundu və Daxili İşlər Nazirliyinin əməkdaşları yüksək peşəkarlıqla bu cinayətin üstünü qısa müddətdə açdılar”,- deyən millət vəkili “mən bunu bir daha ona görə xatırladıram ki, Bakı şəhərində təhlükəsizlik kameralarıın sayının artırılmasına çox ciddi ehtiyac var”, deyə əlavə edib. Millət vəkili rəqəmlərə istinad edərək bildirib: “Rəqəmlərə diqqət yetirdim. Məsələn Londonda 9 milyon 425 min insan yaşayır, amma hökumət tərəfindən 442 562 təhlükəsizlik kameraları quraşdırılıb: “Bu hər 10 nəfərə bir təhlükəsizlik kamerası deməkdir. Fiziki və hüquqi şəxslər tərəfindən quraşdırılan təhlükəsizlik kameraları, yəni ictimai təhlükəsizlik kameraları da nəzərə alınarsa, Londonda 4 milyon 441 min təhlükəsizlik kamerası var. Bu isə o deməkdir ki, Londonda hər iki nəfərə, təqribən bir təhlükəsizlik kamerası düşür. Məsələn, metro stansiyalarında 15576, nəqliyyatda 63449 və s. Bunu ona görə söyləyirəm ki, təhlükəsizlik kameraları cinayətkarların ifşa olunmasında böyük rol oynayır. Həm də onun çox böyük xəbərdaredici əhəmiyyəti var. İnsanları cinayət törətməkdən çəkindirir. Mən vaxtilə Şəhərsalma və Tikinti Məcəlləsi qəbul olunanda da dedim ki, bütün yaşayış binalarında təhlükəsizlik kameralarının quraşdırılmasını həmin tikinti şirkətlərinin öz ixtiyarına buraxmaq lazımdır.
Nəqliyyatdan söz düşmüşkən, Bakı şəhərində çox ciddi sıxlıq var. Hesab edirəm ki, xüsusi dövlət proqramı qəbul olunmalıdır. Ən əzı 5 il ərzində Bakıda metrostansiyalarının sayını 100-ə çatdırmaq lazımdır. Bunun üçün həm Dövlət Neft Fondundan vəsait ayırmaq, həm də xarici şirkətləri və investiorları bu işə cəlb etmək olar”.





