Bakıda Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsinin təşkilatçılığı, Xarici İşlər Nazirliyi və Gənclər Fondunun dəstəyi ilə Qoşulmama Hərəkatı Modeli Simulyasiya Təliminin açılışı olub.
Elchi.az-ın xəbərinə görə, Milli Qoşulmama Hərəkatı Modeli Simulyasiya Təliminin Cəmiyyətdə, xüsusən də gənclər arasında Qoşulmama Hərəkatı barəsində təsəvvürün və Azərbaycanın sədrliyi dövründə gənclər tərəfindən Hərəkatın fəaliyyətinin təkmilləşdirilməsinə veriləcək töhfənin artırılması, eləcə də Şəbəkənin fəaliyyətinin gənclər arasında daha geniş təbliğ edilməsi məqsədilə QH-nin Gənclər Şəbəkəsinin Azərbaycan bölməsi tərəfindən “Milli Qoşulmama Hərəkatı Modeli” simulasiya məşğələsi keçirilir.
Təlimin açılışında xarici işlər naziri Ceyhun Bayramov iştirak edib.
Tədbir xarici işlər naziri Ceyhun Bayramovun açılış nitqi ilə başlayıb. Nazir çıxışında QH-nin Azərbaycan sədrliyi, tədricən qlobal miqyasda ən təsirli gənclər təşkilatlarından birinə çevrilməsi gözlənilən QH Gənclər Şəbəkəsinin hazırkı fəaliyyətinə toxunaraq QH Gənclər Şəbəkəsinin Hərəkat üçün qiymətli bir əlavə dəyər olmasını vurğulayıb. Sonda isə nazir simulyasiya iştirakçılarına gələcək üç gün ərzində uğurlar arzulayıb.
Daha sonra açılış mərasimi Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov və ADA Universitetinin prorektoru Fariz İsmayılzadənin çıxışları ilə davam edib. Onlar da öz növbəsində Şəbəkənin fəaliyyəti haqqında danışmış və Simulyasiya iştirakçılarına uğurlar arzulamışdı.
Mərasimin sonunda Gənclər Şəbəkəsinin Qoşulmama Hərəkatının 60 illiyinə həsr etdiyi video çarx nümayiş etdirilmişdir.
Ümumilikdə 3 gün baş tutması nəzərdə tutulan Milli Qoşulmama Hərəkatı Modeli Simulyasiya
Konfransında Qoşulmama Hərəkatının yüksək səviyyəli iclasının simulyasiyası həyata
keçiriləcək. İştirakçılar müxtəlif Qoşulmama Hərəkatına Üzv Dövlətlərin nüfuzlu şəxsləri
rollarını oynayaraq təyin olunmuş ölkələrin siyasətləri və perspektivləri ilə qlobal problemlərə
həll yolları təklif etməyə çalışacaqlar.






