“Kavkasus onlayn” şirkətinin taleyinin necə olacağı aprelin 5-də bilinəcək.
Axar.az xəbər verir ki, bu barədə informasiyanı Gürcüstan mətbuatı yayıb. Məhz bu tarixdə Gürcüstan Milli Kommunikasiya Komissiyası şirkətin kimə satılacağını açıqlayacaq.
Qeyd edək ki, “Kavkasus onlayn” şirkətinin səhmləri bir müddət öncə satışa çıxarılıb. Hazırda kompaniya uğrunda iki şirkət – “Maqtikom” və “Vimpelkom” mübarizə aparır. “Maqtikom” Gürcüstan-ABŞ şirkəti hesab edilir. “Vimpelkom” isə Rusiyanın “Bilayn” şirkətinin törəməsidir.
“Kavkasus onlayn” şirkəti Gürcüstanın internet tranzitinin 61%-nə nəzarət edir. O, həmçinin, Qara dənizin dibi ilə Gürcüstana Avropadan gələn 1200 kilometrlik internet xəttinin sahibidir. Məhz bu kabel vasitəsilə Ermənistanın 85%, Gürcüstanın 55%, Azərbaycanın isə 50%-i internetlə təmin edilir.
Gürcüstan üçün önəmli məqamlardan biri də ölkənin enerji bazarının diversifikasiyası idi. Buna görə Tiflis “Qazprom”la danışıqlara başlamışdı. Ölkənin qaza olan tələbatını ödəyən SOCAR-la yenidən razılaşan Gürcüstan məhz bundan sonra Rusiyadan əlavə qaz alınması fikrindən imtina etdi. Gürcüstanın enerji bazarı uğrunda savaşdan qalib çıxan SOCAR Azərbaycan üçün mühüm əhəmiyyət daşıyan bir məntəqənin yenidən “Qazprom”un nəzarətindən yayınmasına şərait yaratdı.




