Finlandiya və Estoniyanı birləşdirən Balticconnector qaz kəmərinin təmir müddəti beş-altı aya qədər çəkə bilər. Elchi.az xəbər verir ki, bu barədə Finlandiyanın “Gasgrid” qaz şirkəti bildirib.
“Boru kəməri 2024-cü ilin aprel ayının əvvəlindən tez olmayaraq yenidən istifadəyə veriləcək. Boru kəmərinin qırılması Finlandiyaya qaz tədarükünü təhdid etmir”, – deyə məlumatda bildirilir.
Əlavə olaraq qeyd olunur ki, boru tamamilə yoxlanılıb. Qaz kəmərinin içərisində zədələnmiş ərazidən başqa heç bir nasazlıq aşkar edilməyib.
Qeyd edək ki, bundan əvvəl Finlandiya polisi zədələnmiş “Balticconnector” qaz kəmərinin yaxınlığında obyekt aşkar edib və sonradan gəminin lövbəri olduğu müəyyən edilib.
Finlandiya Hərbi Dəniz Qüvvələri onu əlavə araşdırma üçün artıq səthə çıxarıb.
Havar Şəfiyeva






