Vahid Əhmədov: “Əhalinin kredit faizlərindən narazı olduğunu nəzərə alsaq, bu birləşmələr bankların kredit siyasətinə də təsir göstərəcək”
Mərkəzi Bankın qərarına görə, 2015-ci ilin yanvarın 1-dək nizamnamə və məcmu kapitalını 50 milyon manata çatdıra bilməyən banklar ya bağlanacaq, ya da digər banka birləşdiriləcək. Belə olan halda Azərbaycanda onlarla bankın əl dəyişdirəcəyi gözlənilir. Ekspertlər, nizamnamə kapitalını 50 milyona çatdıra bilməyən bankların daha çox iri banların tərkibinə qatılacağını bildirirlər. Bəs, görəsən bankların əl dəyişdirməsi bu sektorda hansı nəticələrə gətirib çıxaracaq? Bankların birləşdirilməsi üçün hansı prosedur qaydaları mövcuddur?
“Yeni Müsavat”ın sualını cavablandıran iqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, Mərkəzi Bankın cəmiyyəti vaxtı-vaxtında məlumatlandırmaması bir çox suallar yaradır: “ Hansı bankların bağlanacağı və ya birləşdiriləcəyi ilə bağlı məlumatlar olmadığından insanlarda təlaş yaranır. Əslində Mərkəzi Bank əmanətlərin taleyi ilə bağlı insanları məlumatlandırmalı idi. Təəssüf ki, yalnız rəqəmlər səsləndirilir ki, bir neçə bankın problemləri var, onlar ya bağlanacaq, ya da iri banklar tərəfindən udulacaq. Artıq çox az bir zaman qalıb. Bu günə qədər nizamnamə kapitalını artıra bilməyənlə də bunu iki günə edə bilməyəcəklər və həmin bankların lisenziyaları yanvardan sonra dayandırılacaq. Beynəlxalq təcrübədə də bankların birləşdirilməsi təcrübəsi var. Çox güman ki, kiçik banklar iri banklar arasında razılaşma olacaq, danışıqlar aparılacaq. Böyük banklar tərəfindən kiçik banklar udulacaq və böyük bankların adı altında fəaliyyət göstərəcəklər. Bu prosesin həm hüquqi, həm də maliyyə prosedurları mövcuddur. Çünki, banklar birləşməmişdən öncə, həmin bankların audit hesablamaları yayımlanmalıdır, bilinməlidir ki, həmin bankların depozitləri nə qədərdir. Bu ciddi audit yoxlaması tələb edən bir prosesdir. Ancaq bundan sonra iri banklar tələb edə bilər ki, hansı bankı özünə birləşdirə bilər”.
İqtisadçı ekspert problemli kreditlər məsələsinə də diqqəti çəkdi: “Rəsmi məlumatlara görə, ölkədə 1 milyard manata yaxın problemli kreditlər var. Bu məbləğin hansı kiçik banklara aid olduğunu, hər bankın nə qədər problemli kreditinin olması bankların birləşməsində çox ciddi rol oynayacaq. Çünki kiçik banklarda nə qədər problem varsa, iri banklar bu problemləri özlərinə götürəcəkmi, götürməyəcəkmi, hansı şərtlər altında banklar birləşəcək – bütün bu məsələlər hələ açıq olaraq qalır. Mərkəzi bank tərəfindən bir açıqlama yoxdur ki, prosedur qaydaları necə olacaq”.
Bankların birləşməsinin beynəlxalq təcrübədə də təsadüf olunduğunu bildirən Natiq Cəfərli dünyada bu proses çox sivil qaydalarla həyata deyir: “Beynəlxalq təcrübədə şəffaf audit yoxlaması keçirilir, cəmiyyətə açıqlanır, sonradan həmin bankın gəlirləri, çıxarları, borcları, depozitləri hesablanaraq ya auksion qaydasında satışa çıxarılır, ya da hər hansı iri bank onu özünə birləşdirmək istəyir. Azərbaycanda bu qaydalara əməl olunmur. Bundan başqa depozitlərdə də problem ola bilər. Bildiyiniz kimi, cəmi 30 minə qədər olan depozitlərə dövlət sığortası var. Məlum deyil ki, o problemli banklarda nə qədər 30 min manatdan yuxarı nə qədər depozit var və onların taleyi necə olacaq, sığorta həddinin keçən depozitlər necə ödəniləcək. Bütün bu suallar təəssüf ki, açıq qalır. Bunu ekspertlə yox, Mərkəzi Bank, səlahiyyətli qurumlar və həmin bankların rəhbərliyi cəmiyyətə daha doğru-düzgün məlumat verməlidirlər”.
Milli Məclisin İqtisadi Siyasət Komitəsinin üzvü Vahid Əhmədov isə “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, nizamnamə kapitalının artırılması bank sistemində ən əhəmiyyətli məsələlərdən biridir: “Bankın kapitalı nə qədər çox olarsa o zaman dövriyyədəki vəsait də çox olar və bankın kredit faizləri də aşağı olar. Azərbaycanda da banklardan bəziləri nizamnamə kapitalını tələb olunan həddə çatdıra bilməyiblər. Ola bilər ki bəziləri bağlansın. Amma daha çox birləşməyə üstünlük verəcəklər. Nizamnamə kapitalının çox olması vacib məslədir. Əhalinin kredit faizlərindən narazı olduğunu nəzərə alsaq, bu bankların kredit siyasətinə də təsir göstərəcək”




