Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu aprelin 15-də Baş Prokurorluğa çağırılıb. T.Yaqublu müsavat.com-a bildirib ki, 2013-cü ildə onu həbs edən müstəntiq Nadir Mirzəyev səhər saatlarında zəng vurub və baş prokurorun müavini Rüstəm Usubovun görüş istəyini çatdırıb.
T.Yaqublu müsavat.com-a deyib ki, görüşdə R.Usubov, N.Mirzəyev və tanımadığı başqa bir müstəntiq iştirak edib. O bildirib ki, onu əsasən xəbərdarlıq üçün çağırıblar. Və Rüstəm Usubov ona bildirib ki, “artıq ağsaqqal yaşına çatmısan, ailəndə problemlər olub, yenidənmi həbsxanaya getmək istəyirsən?” T.Yaqublunun sözlərinə görə, dövlət başçısının ünvanına sosial şəbəkələrdə və mətbuatda söylədiyi tənqidlərin yolverilməz olduğu xatırlanıb, tövsiyə olunub ki, bu mövqeyindən əl çəksin.
T.Yaqublu söyləyib ki, görüşdə ona “sən hələ də deyəsən ağıllanmamısan” mesajı da verilib.
Onun bildirdiyinə görə, görüşdə mədəni bir ortam olub. Ona qarşı hər hansı bir kobudluq olmayıb, müəyyən profilaktik söhbət aparılıb.
Bu xəbərdarlığın onun növbəti həbsi üçün əsas olması barədə şübhələrə gəlincə isə, T.Yaqublu bildirib ki, bu haqda hər hansı bir yorumu yoxdur.
Baş Prokurorluq məsələyə dair rəsmi açıqlamasında qeyd edilir: “Tofiq Yaqublu 20 mart 2016-cı il tarixdən etibarən facebook-da mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinin ünvanına böhtan xarakterli statuslar yazmaqla, KİV-ə müsahibəsində Azərbaycanda guya mövcud olan siyasi məhbus probleminin arxasında hakim dairələrin durması barədə həqiqəti təhrif edən məlumatlar bildirib. Bundan başqa, o, KİV-ə verdiyi müsahibədə dini radikallıq mövzusuna toxunaraq, cəzaçəkmə müəssisələrində cəza çəkən şiə və vəhabi təriqətinə etiqad edən məhkumlar arasında gərgin münasibətlərin olduğu, vəhabilərin həbsxanadan buraxılacağı təqdirdə dinc insanlara qarşı terror aktları törədəcəkləri barədə fikirlər söyləyib. T.Yaqublunun hərəkətləri ölkənin hüquq mühafizə orqanları tərəfindən cinayətkarlığa qarşı mübarizə, cəza siyasətinin həyata keçirilməsi, dini nifrət və düşmənçiliyin salınmasının qarşısının alınması və digər sahələrdə görülən işlərə kölgə salmaq məqsədinə xidmət edir. Göstərilənlərlə əlaqədar T.Yaqublu Baş Prokurorluğa dəvət edilərək onunla müvafiq söhbət aparılmışdır. O, söhbət zamanı öz növbəsində KİV-də fikirlərinin təhrif olunduğunu bildirib. T.Yaqubluya milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına yönələn hərəkətlərin aşkar surətdə, o cümlədən KİV-dən istifadə olunmaqla törədilməsi əməllərinə görə CM-nin 283-cü maddəsində cinayət məsuliyyətinin nəzərdə tutulması izah edilib. ”Prokurorluq haqqında” qanunun 22-ci maddəsinə müvafiq qaydada gələcəkdə qərəzli, reallığa uyğun olmayan, habelə dini nifrət və düşmənçiliyin salınmasına yönələn hərəkətlərini davam etdirəcəyi təqdirdə barəsində qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbirlər görüləcəyi barədə rəsmi xəbərdarlıq edilib”.



