2015-ci il son illər vəziyyətin onsuz da kəskinləşdiyi, danışıqlara olan ümidlərin tükəndiyi Qarabağ münaqişəsi ətrafında xeyli gərgin başladı.
Virtualaz.org saytı xatırladır ki, yanvarın ilk günlərindən etibarən təmas xəttində ciddi toqquşmaların baş verdiyinə dair xəbərlər gəlir.
Ermənistan Müdafiə Nazirliyi dalbadal bəyan edir ki, guya Azərbaycan silahlı qüvvələri təmas xəttinin müxtəlif istiqamətlərində “diversiya həmlələri” həyata keçirir və erməni mövqelərini minomyotlar da daxil olmaqla ağır silahlardan atəşə tuturlar.
Ermənistan Müdafiə Nazirliyi yanvarın 3-nə və 6-na keçən gecə baş verən döyüşlərdə azı 4 əsgərini itirdiyini, bir əsgərin ağır yaralandığını etiraf edib. Azərbaycan Müdafiə Nazirliyinin bəyanatlarında isə deyilir ki, silahlı qüvvələrimiz düşmənin atəşkəsi pozmasına cavab verir və diversiya həmlələri həyata keçirmir.
Bununla belə nazirlik düşmən tərəfi xəbərdar edib ki, dinc sakinləri atəşə tutmaqda davam etsə, erməni işğalçı qüvvələrinə çox sərt cavab veriləcək və onların ayaqlarının altında yer od tutub yanacaq.
Azərbaycan Müdafiə Nazirliyi həmçinin ordumuzun çoxsaylı itkilər verdiyinə dair erməni tərəfinin yaydıqları məlumatları qətiyyətlə təkzib etməkdədir. Hərçənd ki, dünən Azərbaycan ordusunun bir gizirinin minaya düşərək ağır yaralandığı haqda xəbərlər gəlib.
2015-ci ilin keçmiş sovet məkanındakı ən təhlükəli münaqişələrdən olan Qarabağ münaqişəsi zonasında xeyli gərgin başlaması beynəlxalq ictimaiyyət tərəfindən də narahatlıqla izlənilir. ABŞ Dövlət Departamenti Qarabağ münaqişəsi zonasında baş vermiş son toqquşmalardan narahatlıq keçirdiyinə dair bəyanat verib.
Bu gün isə BBC Dünya Xidməti Qarabağdan, atəş xəttindən reportaj yayıb.
Reyhan Demitrenin (Rayhan Demytrie) hazırladığı videoreportajda deyilir ki, Azərbaycan və Ermənistan arasında münaqişə 20 ildən çoxdur davam edir. Ermənistan Dağlıq Qarabağı və ətraf rayonları işğal edib, Azərbaycan isə bu əraziləri geri qaytaracağına dair vədlər verir.
Təmas xətti boyunca hər iki tərəfdən itkilərlə müşayiət olunan toqquşmalar tez-tez qeydə alınır, ötən ilin noyabr ayında isə Ermənistan vertolyotunun vurulması gərginliyi daha da artırıb.
BBC müxbiri Tərtər rayonunun təmas xəttinə yaxın Qazyan kəndində olub, düşmən atəşi altında yaşayan dinc sakinlərlə söhbətləşib. Reportajda Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin vertolyot insidentinə və münaqişə ətrafındakı vəziyyətinə dair şərhinə, Azərbaycanın hərbi xərclərini artırmasına dair məlumatlara və politoloq Ərəstun Oruclunun fikirlərinə də yer verilir.
Virtualaz.org



