Bakı-APA Bakı Dövlət Universitetinin (BDU) Mətbuat və informasiya şöbəsinin müdiri, beynəlxalq jurnalistika kafedrasının dosenti Pərvanə İbrahimova BDU ilə Əskişəhər Anadolu Universiteti arasında imzalanmış müqaviləyə uyğun olaraq Mövlanə Mübadilə Proqramı çərçivəsində iki həftəlik təcrübə mübadiləsində iştirak edib.
Mətbuat və informasiya şöbəsindən APA-ya bildirilib ki, P. İbrahimova adıçəkilən universitetin İlətişim Bilimləri fakültəsinin (Jurnalistika) dekanı, professor Xəlil İbrahim Gürcan, dekan müavini, dosent Bülənt Aydın Ərtəkin, Radio, Televiziya və Sinema bölüm başqanı, dosent Alper Altunay, bölümün professoru Nezih Orhon, Basın və Yayın Bölüm başqanı, professor Erkan Yüksel, bölümün professorları – Uyğur Demiray, Zaur Mükerref, dosentlər Alaaddin Paksoy və Erdem Çetintaşla görüşüb. Dərs proqramları, birgə layihələr, o cümlədən seminar və konfransların keçirilməsi məsələlərinin müzakirə edildiyi görüşlərdə yaxın gələcəkdə birgə beynəlxalq konfransın təşkil edilməsi barədə razılıq əldə edilib.
“Beynəlxalq jurnalistika və onun təşəkkül prosesləri” mövzusunda mühazirə oxuyan P. İbrahimova həmçinin Azərbaycan mətbuat tarixinin mərhələləri, medianın müasir durumu Azərbaycan Xalq Cümhuriyyəti mətbuatı, Osmanlı dövləti ilə əlaqələri və SSRİ dövründə Türkiyə əleyhinə olan yazılar barədə məlumat verib, Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti, Xocalı soyqırımı və onun mediada işıqlandırılması haqqında danışıb.
Səfər müddətində BDU müəllimi fakültənin radio-televiziya studiyası, kafedraları, sərgi salonu və tədris prosesi ilə tanış olub, Anadolu Universitetinin kitabxanasında ulu öndər Heydər Əliyevin adını daşıyan bölmədə olub, ali təhsil ocağının «TRT Okul» televiziyası, Mətbuat mərkəzi və ona daxil olan «Anadolu Xəbər» qəzet və jurnalı, Sosial media və İctimaiyyətlə Əlaqələr bölmələrinin fəaliyyəti ilə maraqlanıb, əməkdaşlıq məsələlərini müzakirə edib.
Proqramın sonunda P.İbrahimova Anadolu Universitetinin sertifikatına layiq görülüb.








