Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) İsrailin intensiv hücumlarına məruz qalan Qəzza zolağına çatdırılmaq üçün 25 ton humanitar yardım göndərib.
Elchi.az xəbər verir ki, BƏƏ-nin rəsmi agentliyi WAM-ın xəbərində 25 ton ərzaq, tibbi və müxtəlif yardım materialları daşıyan təyyarənin BƏƏ-dən Misirin Ariş şəhərinə göndərildiyi bildirilib.
Bildirilib ki, yardım Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Ərzaq Proqramının (ÜƏP) koordinasiyası ilə Rəfah Sərhəd Qapısı vasitəsilə Qəzza zolağına çatdırılacaq.
BƏƏ Xarici İşlər Nazirinin İnkişaf Məsələləri və Beynəlxalq Təşkilatlar üzrə müavini Sultan əl-Şəmisi qeyd edib ki, yardım hava körpüsünün davamı olaraq Qəzza zolağının ən həssas seqmentlərinin, xüsusilə də qadın və uşaqların əziyyətini yüngülləşdirmək üçün göndərilib.
Şayəstə Hüseynova






