Belarus parlamentinin aşağı palatası Avrasiya İqtisadi İttifaqının yaradılması haqqında müqaviləni ratifikasiya edib.
“Media forum” bildirir ki, müqavilənin ratifikasiya olunması haqda qanuna Milli Məclisin Nümayəndələr Palatası oktyabrın 9-da səs verib.
Qeyd edək ki, Avrasiya İqtisadi İttifaqı haqqında müqaviləni bu il mayın 29-da Rusiya, Qazaxıstan, Belarus prezidentləri Astana şəhərində imzalayıblar. Bu sənəd indiyəcən yalnız Rusiyada tam təsdiqlənib.
Virtualaz.org xatırladır ki, bu gün Qazaxıstan parlamentinin yuxarı palatasının deputatları da Avrasiya İqtisadi İttifaqının (Aİİ) yaradılması haqqında sazişi təsdiqləyiblər.
Qanun layihəsi imzalanmaq üçün Qazaxıstan prezidenti Nursultan Nazarbayeva göndərilib.
Onu da xatırladaq ki, Qırğızıstan və Ermənistan da bu ittifaqa qoşulmaq niyyətindədir. Oktyabrın 2-də Ermənistan hökuməti Avrasiya İqtisadi İttifaqına üzvlük müqaviləsi layihəsini, oktyabrın 8-də isə Qırğızıstan hökuməti Avrasiya İqtisadi İttifaqına daxil olmaq üzrə tədbirlər planını qəbul edib.



