Bir gün mən olmasam…
Qəribsəyərsən…
O qəmli gözlərin yaş tökərmi heç?
O mənsiz dünyadan nə istəyərsən?
O mənsiz gözlərin yol çəkərmi heç?
Bir küləkli axşam…
Ya qış gecəsi
Durub üşüyərsən soba dibində.
Onda boş qalacaq ömrün küçəsi-
…Kimsə fit çalacaq əli cibində.
Bir anlıq gözünü dikib güzgüyə
Sığalsız saçını qoxlayacaqsan.
Təzə bir xatirə tapasan deyə
Köhnə əl çantamı yoxlayacaqsan.
Ev səni udacaq əjdaha kimi-
Özünü min dəfə qınayacaqsan.
Soyuq otağında-boş kaha kimi-
Qalan günlərini sanayacaqsan.
Doğmalar səninlə bir olmayacaq-
Elə ümidlərin qıracaq səni.
Dərdini deməyə yer olmayacaq-
Qəbristan yolları yoracaq səni…
Bir gün mən olmasam…
Dəyişəcəksən…
Dərdin yandıracaq səni od kimi.
Bütün dünya ilə döyüşəcəksən,
Tənha qalacaqsan – son ümid kimi.
Məzarım üstündə güllər solacaq,
Sarmaşıq saracaq başdaşımı da…
Gündə neçə kərə gözün dolacaq-
Silən olmayacaq göz yaşını da.
… Bir gün mən olmasam… Qəribsəyərsən…
O qəmli gözlərin yaş tökərmi heç?
O mənsiz dünyadan nə istəyərsən?
O mənsiz gözlərin yol çəkərmi heç?




