Çirkdən qapqara rəngə boyanmış qutulara, açıq şəkildə qalaqlanmış çörəkləri görəndə xeyli ürəyim bulandı. Qutulara isə üzərinə hopan çirkdən palçığa çevrilmiş yağ məhlulu sürtülmüşdü. Bu palçıq yağlara hopan mikrob, bakteriyaları düşündükcə insan dəhşətə gəlir. Hələ bu məsələnin birinci tərəfidi…
Səhər işə gələndə qarşımda açılan mənzərəyə dözmək çox çətin idi. Üzərinə “Çörək” yazılan avtomobilin acınacaqlı vəziyyətinə əsəbi halda baxırdım. Sınıq-salxaq, pəncərə yerinə şüşə əvəzinə çirkdən zorla görsənən klyonka çəkilən bu avtomobil Allahın xüsusi neməti olan çörək daşıyır. Bu çirkli, xəsətlik yuvası olan avtomobilin içindən başqa, hətta üstündə belə üzəri örtülməmiş formada çörək qutuları var idi. Fotolardan gördüyünüz kimi, avtomobil ağzınacan çörəkdi. Çörək bu formada mağazalara dağıdılır.
Təsəvvür edin ki, o yağ bulaşıq palçıqlı qutulardan çıxarılan çörəkləri bizlər mağazadan alıb evimizə aparırıq. Evdə özümüzlə birgə doğmalarımıza, yaşlı valideynlərimizə, körpə uşaqlarımıza yedizdiririk. Əlimizlə onlara xəstəlik daşıyırıq…
Onu da qeyd edim ki, bu formadakı “Çörək” avtomobili neçə-neçə dövlət yol polisi əməkdaşının yanından keçdi. Hətta yoldakı tıxacın ucbatından sözügedən yük avtomobili ilə arxa-arxaya ən azı 7-8 dəqiqə polis əməkdaşlarının düz yanındaca dayanıb gözləməli olduq. Polislər biz tərəfə baxırdılar, ancaq sadəcə baxırdılar, bu acınacaqlı mənzərəni niyə görməzdən gəlirdilər? Bunun səbəbini anlaya bilmədim… Axı ən azı yükdaşıma qaydasını pozduğuna görə maşını saxlaya bilərdilər?!
Böyüklərimiz bizə öyrədiblər ki, əli çirkli çörəyə toxunmaq olmaz GÜNAHDIR. Yəni onlar hətta sanitar qaydaları bir kənara qoyub, bizi Allahla qorxutmağa çalışıblar. Bu insanların isə Allahdan qorxmadıqları bir kənara qalsın, heç hökumət orqanlarından çəkinmədikləri də meydandadır. Cənablar, hansı əsirdə yaşayırıq, dağ başında, mədəniyyətin gəlib çata bilmədiyi bir məkandayıqmı? Bu cür üfunətli formada daşınan çörəkləri Bakı kimi bir şəhərdə yaşayan insanlara yedizdirməyə necə cəsarət edirsiz? Bəs səlahiyyətli orqanlar haradadır… Gəlib restoranlarda, kafelərdə milçək axtarışına çıxan həkim-epidemioqlarımız necə olub? O qədər sual var ki, bilmirəm hansını sadalayım…
Vallah Bakıda son vaxtlar elə tər-təmiz, modern zibildaşıyan maşınlar görürəm ki, onlar, Allaha ağır getməsin, bu çörəkdaşıyan avtomobildən 100 dəfə təmiz görsənir. Niyə belə olmalıdır, zibilləri təmiz, çörəkləri zibilli avtomobildə daşıyırıq. Bəlkə Almaniyadan neçə-neçə zibildaşıyan əvəzinə, çörəkdaşıyan gətirək? Bizə çörək, yoxsa zibil daha vacibdir?
Bu yazını İqtisadi İnkişaf, Səhiyyə nazirliklərinin, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin, Dövlət Yol Polisinin elektron poçtlarına da göndəririk. Hesab edirik ki, bu qədər dövlət orqanı yığışıb Bakı küçələrində çörək vasitəsilə bizlərə xəstəlik, zəhər, mikrob daşıyan bir nəqliyyat vasitəsini durdura biləcəklər… Çünki fotolarda avtomobilin dövlət nömrə nişanı aydınca görsənir. Artıq biri bu zəhər daşıyan avtomobilə DUR desin. Nəticə barədə oxucularımıza da məlumat verəcəyik.



