Novella Cəfəroğlu: “Bizə qarşı ittiham irəli sürənlər vicdanlarını itirənlərdir…”
Azərbaycanda İnsan Haqları üzrə Birgə İşçi Qrupunun bərpa edilməsindən iki aya yaxın vaxt ötür. Bu müddətdə siyasi məhbuslarla bağlı kifayət qədər müsbət işlər görülüb. Amma buna baxmayaraq, ölkə daxilində quruma qarşı qara “piar” kampaniyası aparılır.Kampaniyanın iştirakçıları əsas kimi qurumda hakimiyyət nümayəndələrinin də təmsil olunduqlarını göstərirlər.
İddia edilir ki, İşçi Qrupu iqtidarın nəzdində yaradılıb. Siyasi məhbuslar tərəfindən də İşçi Qrupuna etimadsızlıq müşahidə olunur. Buna son misal kimi, NİDA-çı gənc İlkin Rüstəmzadənin təcridxanadan “İşçi Qrupuna sevgilərlə” tənqidi yazısını göstərə bilərik.
Qurumun üzvü, hüquq müdafiəçisi Novella Cəfəroğlu iddialarla razılaşmır: “Qarşımızda duran əsas məsələ sözsüz ki, siyasi məhbuslardır. Xəstə məhbusların sənədlərini yığmışıq. Pərviz Həşimlinin ailəsi başda olmaqla, məhbus ailələri bizə müraciət edirlər. İntiqam Əliyev haqqında prokurorluğa məktub yazmışıq. Leyla xanımın məsələsini müzakirə edirik. Onu ev dustaqlığına buraxdırmaq istəyirik.
Azərbaycanda siyasi məhbus məsələsinin sona yetməsinə çalışırıq. Dekabrın ortalarında İşçi Qrupu toplanacaq”.
Novella Cəfəroğlu gördükləri işlərin müqabilində onlara qarşı aparılan qara “piar” kampaniyasına da toxundu: “Biz işimizi görürük. Hücum edənlər göstərsinlər ki, nə zamansa kimisə azadlığa çıxardıblar. O, insanları 1993-cü ildən tanıyırıq. İndiyə qədər çoxlu sayda məhbusun azad olunmasına nail olmuşuq. Nə deyirlər desinlər, işimizi görürük. Heç vaxt, heç kəsə satılmamışıq”.
Hüquq müdafiəçisi bəzi məhbusların onlara qarşı aparılan kampaniyada iştirak etmələri ilə bağlı bunları dedi: “İlkin Rüstəmzadənin məktubundan xəbərim var. Hətta müsavatçı olduğum üçün mənə qarşı heç nə yazmayacağını demişdi. Onları xaricdən pul alanlar bu yola təhrik edirlər. Biz çox şey bilirik. Amma açmaq istəmirik. Allah onların hər birinin qapısını açsın”.
Qeyd edək ki, İşçi Qrupuna hücumlarda AXCP üzvləri daha fəaldır. Onlar sosial şəbəkələrdə yazdıqları statuslarda açıq şəkildə bu qurumu təhqir edir, ələ salırlar. Novella Cəfəroğlu bu ittihamlara belə cavab verdi: “Müsavatçılar daim məni müdafiə ediblər. Onların hər birinə təşəkkür edirəm. Daim ”Yeni Müsavat” qəzeti yanımızda olub, müdafiə edib. Dediyimiz hər bir fikri dərc edib. Cəbhəçilərin mənə vurduqları zərbələri saymıram. Çünki həbs edilən hər bir cəbhəçini mən müdafiə etmişəm. Yanlarında olmuşam. Cəbhədə az insan tapılar ki, onları müdafiə etməyim. Rəhbərlərindən tutmuş, “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid daxil olmaqla, hamısını müdafiə etmişik. Deyir ki, İlkinin bizə qarşı yazdığı məktubdan sonra karserə salınmasında rolumuz var. Bunu deyənlər qələt edir. O gənclərin ayaqlarına daş dəymələrinə heç zaman razı olmarıq. Bu fikri söyləyənlər vicdanlarını itirmişlərdir. İlkin Rüstəmzadə karserə salındığı gün onunla maraqlandıq. Aidiyyəti orqanlara zəng vurduq. Bundan sonra nə desələr özləri bilər. Bizi heç kəs də sındıra bilməyəcək. Hər sözlə hərəkət etsəydik, çoxdan itib batmışdıq”.
Hüquq müdafiəçisi bəzi tanınmış vicdan məhbuslarının onlara qarşı aparılan kampaniyada iştirak etmələri ilə bağlı sualımızı da cavablandırdı: “İntiqam müəllimlə yüksək əlaqələrim olub. Bir yerdə çox işləmişik. O, çox səviyyəli adamdır. İnanmıram ki, bizə qarşı mənfi münasibəti olsun. Təmiz, ləyaqətli insandır. Onun haqqında rəsmi qurumlara müraciətlərimiz olub. Leyla xanıma gəlincə, o, daim bizlə yarışda olub. Xəstə insandır. Allah qapısını açsın. Ən çox biz onu müdafiə edirik. Onunla bağlı bütün aidiyyəti orqanlarla biz maraqlanırıq. Hanı onunla yeyib-içən dostlar? Kim onun yanında qalıb? Kim yanına gedir? Yalnız həkim dostu və bizlərdən başqa. O, qadındır. Ağır vəziyyətdədir. Çıxandan sonra onunla danışa bilərik. Ləyaqəti olan insan həbsdə olan qadına pislik etməz”.
Xatırladaq ki, 2005-2008-ci illərdə də İşçi Qrupu fəaliyyət göstərib. Qrupda hökumət, parlament nümayəndələri və hüquq müdafiəçiləri təmsil olunub. Bu ilin oktyabrında Avropa Şurasının baş katibi Torbörn Yaqlandın təşəbbüsü ilə qurum bərpa edilib.
Cavanşir ABBASLI