“Müasir dövrdə karyera qurmaq üçün heç bir maneə yoxdur. İstənilən insan, istənilən nöqtədə sosial statusuna, yaşadığı yerə baxmayaraq öz karyerasını qura bilər. Təbii ki, bəzi hallar istisnadır. Məsələn, 10 – 20 il öncə dünyada trendlər başqa idi. Siz hər – hansı nöqtəyə gəlmək üçün minimum 4 il ali təhsil almalı idiz. Daha sonra əyər bu təhsiliniz sizə kifayət etməzsə ali təhsilin növbəti pillələrinə keçmək ehtiyacı duyurdunuz. Bugün isə buna qismən ehtiyac yoxdur, günümüzdə internetin köməyi ilə biz bir neçə saniyə ərzində istənilən məlumatı əldə edə bilirik”.
Bunu Elchi.az-a açıqlamasında Biznes üzrə mütəxəssis Elxan Sultanlı deyib.
O, həmçinin qeyd edib:
“Karyera fürsətlərini yaxalamaq getdikcə daha da asanlaşmağa başlayır, çünki siz bir ixtisası seçib, internetdə araşdırıb, bir neçə aya o sahəni öyrənə bilərsiniz. Bir müddət isə o sahədə təcrübə keçib əsaslı kadr olma şansınız var, yetərki buna motivasiyanız və kəskin disiplininiz olsun. Ölkəmizdə karyera imkanlarına manelər mənə görə daha çox mental dəyərlər və ailədir. Dəfələrlə təcrübəmdə bu hallarla qarşılaşmışam. Məsələn insan aktyor və ya rəssam olmaq istəyir, amma valideynləri deyir ki, sən həkim və ya mühasib olmalısan. Nəticədə adam valideynlərindən asılılığı və müəyyən qədər də qorxu hissi ilə məcbur qalıb deyilən sahədə təhsil almağı seçir. Onu buna ən çox təhrik edənsə ətrafdan eşitdiyi “Sən pul qazana bilməyəcəksən, daha sonra rüsvay olacaqsan” , “Bax ….. oğluda aktyor oldu, amma evi, maşını yoxdu” kimi sözlərdir. Beləliklə, məcburiyyət qarşısında qalan bu insan sevmədiyi peşəni seçir, nəticədə 4 il zaman itkisindən sonra öz sahəsini tapır. Bu gün biz ölkəmizdə analiz aparsaq görərik ki, ortalama 95% ali təhsilli insan hal hazırda işlədiyi mövqeni birbaşa olaraq özü seçməyib. Onların işlədiyi vakansiya, nöqtə, hissə heç bir halda onun ali təhsili ilə əlaqəli deyil. Yəqin ki, bu sizin də qarşınıza çıxır. Mənə görə bugünkü dünyada, ölkəmizdə ən böyük maneə valideynlər və nisbətən o qəbildən olan insanlar, cəmiyyət, qınaq ola bilər. Başqa heç bir maneə görmürəm.
E. Sultanlı eyni zamanda Biznes qurmağın çox sadə olduğunu, onu qəlizləşdirən isə insanların olduğunu bildirir:
“Mən bunu hər zaman deyirəm: biznes qurmaq üçün xüsusi bir istedada və s. ehtiyac yoxdur. Bəzən eşidirəm ki, deyirlər ki, insanlar dünyaya artıq biznesmen olaraq gəlirlər bu da birbaşa olaraq səhvdir. Çünki heçkim anadan olduqda biznesmen olaraq dünyaya gəlmir. Necə ki, siz xüsusi istedad tələb edən rəssamlıq, bəstəkarlıq və bunları çıxmaq şərtiylə istənilən peşəyə sadəcə olaraq dissiplin vasitəsilə yiyələnə bilərsiz, biznes də budur. Biznes quracaq adamlarda bir neçə xüsusiyyət cəmləşməlidir:
1. Mütləq şəkildə o insan sərrafı olmalıdır, insanları tanımağı bilməlidir və ünsiyyətdən qaçmamalıdır. Ünsiyyətə bağlı olmalıdır.
2. Dostlaşma mütəxəssisi olmalıdır. Biznes adamlarının ən azı öz bizneslərini böyüdənə, inkişaf etdirənə kimi istənilən insanla dostlaşa bilmək məcburiyyəti var. Onlar mütləq şəkildə satışı bilməlidir. Çünki satış həyatımızın istənilən nöqtəsində bizim köməyimizə çatan vasitədir yəni, siz biznesinizdə olmasa da ailə münasibətlərində, şəxsi münasibətlərdə satış bacarıqlarınızdan istifadə edib, müəyyən uğurlara nail ola bilərsiniz. Biznes qurmaq istəyənlərin ən böyük üstünlüyü onun öyrənə bilmə, daim yeniliyə açıq olma bacarığıdır. Nə qədər çox yeniliyə açıq olarsa, öyrənərsə o qədər də onun cəmiyyətə, insanlara yardımı dəyəcək və o qədər də güclü, sağlam biznes qura biləcək”.
Havar Şəfiyeva






