Birləşmiş Millətlər Təşkilatı (BMT) 2021-ci ildə hər 4,4 saniyədə bir uşaq və ya yeniyetmənin öləcəyini və heç bir tədbir görülməsə, 2030-cu ilə qədər daha çox uşaq və ya gəncin ölə biləcəyini bildirib.
Elchi.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, BMT-nin Uşaq Ölümünün Təxminləri üzrə Təşkilatlararası Qrupunun (UN IGME) son hesabatına əsasən, 2021-ci ildə 5 milyon uşaq 5 yaşına çatmadan dünyasını dəyişib, 2,1 milyon uşaq və 5-24 yaşlı gənclər də dünyasını dəyişib.
BMT-nin digər hesabatına görə, eyni dövrdə 1,9 milyon körpə ölü doğulub.
2000-ci ildən bəri bütün dünyada bütün yaşlarda ölüm riskinin daha aşağı olduğu qeydə alınıb, 5 yaşınadək uşaqların ölümləri isə qlobal miqyasda 50 faiz azalıb. Bu prosesdə 5-24 yaş arası uşaq və gənclərin ölüm nisbətində 36 faiz, ölü doğum nisbətində isə yüzdə 35 azalma olub. Ölümlərin azalmasının ən mühüm amillərindən biri qadınların, uşaqların və gənclərin xeyrinə olan əsas sağlamlıq sistemlərinə edilən investisiyalardır.
2030-cu ilə qədər 59 milyona yaxın uşaq və gənc ölə bilər
2021-ci ildə hər 4,4 saniyədə bir uşaq və ya gəncin öldüyünü açıqlayan BMT, sağlamlıq sistemlərinin kifayət qədər inkişaf etmədiyi təqdirdə 2030-cu ilə qədər təxminən 59 milyona yaxın uşaq və gəncin ölə biləcəyi, 16 milyon körpənin isə ölü doğuş səbəbiylə həyatını itirə biləcəyi barədə xəbərdarlıq etdi.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Ana, Uşaq və Yeniyetmələrin Sağlamlığı İnstitutunun direktoru Anshu Banerjee bildirib ki, uşaqların sağ qalma şansları yalnız doğulduqları yerə görə formalaşır və həyat qurtaran səhiyyə xidmətlərindən istifadədə bərabərsizliklər böyük ədalətsizlikdir.
“Dünyadakı uşaqların ehtiyaclarını ödəmək, həyata ən yaxşı şəkildə başlamaq və gələcəyə ümidlə baxmaq üçün güclü ilkin səhiyyə xidmətlərinə ehtiyacı var”,-deyə A.Banerjee vurğulayıb.
Yeganə




