Birləşmiş Millətlər Təşkilatı (BMT) Mərkəzi Afrika Respublikasında humanitar vəziyyətin kritik olaraq qaldığını, 3,4 milyon insanın humanitar yardıma və müdafiəyə ehtiyacı olduğunu bildirib.
Elchi.az xəbər verir ki, BMT-nin Mərkəzi Afrika Respublikası üzrə humanitar koordinatoru “Mohamed Ag Ayoya” BMT-nin Cenevrə ofisində ölkədəki vəziyyətlə bağlı qiymətləndirmələr edib.
Mərkəzi Afrika Respublikasındakı vəziyyətin kritik olaraq qaldığını qeyd edən Ayoya, “Bu il 3,4 milyon insanın, yəni əhalinin 56 faizi humanitar yardıma və müdafiəyə ehtiyac duyur. Bunlardan 2,4 milyonunun böyük ehtiyacı var və həyatları son həddə çatıb.
Ölkədə təkrarlanan münaqişələrin əhalinin hərəkətinə səbəb olduğunu və qeyri-sabit təhlükəsizlik vəziyyəti ilə nəticələndiyini qeyd edən Ayoya, Mərkəzi Afrika Respublikası vətəndaşlarının hər 5 nəfərindən birinin ya məcburi köçkün olduğunu, ya da qonşu ölkəyə sığındığını qeyd edib.
Koordinator Ayoya bildirib ki, ötən il ölkədə baş verən daşqın əvvəlki illərlə müqayisədə demək olar ki, 3 dəfə çox (təxminən 100 min) insana ziyan vurub və 6000-dən çox evin dağılmasına səbəb olub.
Ölkədə adekvat sosial-iqtisadi infrastruktura, xidmətlərə və dolanışıq vasitələrinə investisiya qoyulmadığını vurğulayan Ayoya, “Əsas xidmətlər ümumiyyətlə mövcud deyil. Bu, insanların həyat şəraitini pisləşdirir. 5 Mərkəzi Afrikalıdan 3-nün təhlükəsiz içməli su və kanalizasiyaya çıxışı yoxdur. Uşaqların yalnız 55 faizi ibtidai məktəbi bitirir”,-deyib.
Ayoya, Sudandakı qarşıdurmanın təsiri ilə ölkədəki humanitar ehtiyacların daha da pisləşdiyini, münaqişələr səbəbilə Mərkəzi Afrika Respublikasına gələn 14 min sudanlının məhdud imkanlara əlavə təzyiq göstərdiyini bildirib.
Keçən il humanitar təşkilatların Mərkəzi Afrika Respublikasında 1,9 milyon insana yardım etdiyini xatırladan Mohamed Ag Ayoya, “Təkcə 2023-cü ilin ilk üç ayında 658 min insana həyat xilasedici yardım çatdırıldı.
Ayoya əlavə edib ki, onlar bu il Mərkəzi Afrika Respublikasında 2,4 milyon həssas insanlara kömək etməyi hədəfləyirlər.
Nuranə Məmmədova





