Bakıda brend geyim mağazaları kütləvi şəkildə bağlanır. Musavat.com-un əməkdaşının verdiyi məlumata görə, şəhərin mərkəzində yerləşən bir çox geyim mağazalarının pəncərələrinə artıq bağlanması ilə bağlı elanlar vurulub.
Şəhərin “Torqovı” adlanan hissəsində (Nizami küçəsi), Bülbül prospekti boyunca çoxsaylı mağazalar, iaşə obyekləri artıq fəaliyyətlərini dayandırıblar. Eyni zamanda şəhərin Səməd Vurğun, Üzeyir Hacıbəyli, Azərbaycan prospektləində də müxtəlif obyektlərin şüşələrində “icarəyə verilir” sözünə rast gəlmək olur. Mağaza sahibləri bildirirlər ki, onların bu addımı atmasına səbəb, manatın devalivasiyasından sonra ölkədə yaşanan gərginlikdir. Eyni zamanda satıcılar vergi və digər orqanların tələb etdiyi “rüsum”ları da ödəməkdə çətinlik çəkdiklərini söylədilər.
Nizami küçəsində əvvəllər mağaza sahibi olan Rəşidin sözlərinə görə, şəhərin bu hissəsində insanların obyekləri bağlamasının səbəbi icarə haqqının çox olmasıdır:
“Bəllidir ki, “Torqovı”da icarə haqqı yüksəkdir. Balaca bir mağazaya elə icarə haqqı istəyirlər ki, adam məəttəl qalır. İndi camaat alış-verişə bir o qədər maraq göstərmədiyi üçün icarə haqqını verə bilməyənlər obyekləri bağlayırlar. Təkcə icarə haqqı deyil. Bunun vergisi var, sanitar qaydaları “yoxlayanlar”ı var və sairə. Hamısı puldur. Ona görə də burada indiki şəraitdə hər hansı bir obyekt işlətmək qeyri-mümkün işdir. İlin axırı da gələndə hər şey təzədən başlayır. Yenidən üzərimizə müxtəlif orqanlar rüsumlar qoyurlar. Buna görə də elə ən salamatı obyekti bağlamaqdır. Hələ bu gedişlər çox obyekt bağlanacaq. Burada qalanlar təkcə iri firmaların mağazaları olacaq. Onlar da getdikcə qiymətləri artırırlar. Camaatda da bir xasiyyət var ki, brend mağazalar nə qiyməti qoysalar, elə bilirlər ki, məhsulun qiyməti budur”.
Şəhərdə eyni zamanda ticarət mərkəzlərində də mağazaların bağlanmasına rast gəlinir. Misal üçün, “Park Bulvar” ticarət mərkəzində, “28 Mall”da obyektlərin fəaliyyətlərini dayandırmalarına rast gəlinir. Ölkədə son zamanlar ən çox bağlanan obyekt isə “AMAY” ticarət mərkəzindədir. Ticarət mərkəzi 8 mərtəbəli olsa da, mağazalar ancaq birinci mərtəbədə fəaliyyət göstərir. Birinci mərtəbədə fəaliyyət göstərən mağazaların əksəriyyətinin qapısını bağlı gördük. Bunun səbəbini Rasim adlı satıcı belə izah etdi: “Alıcı yoxdur. Həftənin şənbə və bazar günləri bir-iki alıcıya rast gəlmək olur ki, onlar da sadəcə, baxmağa gəlirlər. Qiymətlərimiz də baha deyil ki, deyək, buna görədir. Bu baxımdan da əksər mağaza sahibləri gündüz vaxtı mağazanı heç açmırlar. Alıcılar adətən, saat 18:00-dan sonra gəldikləri üçün satıcılar da elə həmin vaxtı gəlib mağazalarını açırlar. Çoxları isə icarə haqqını verə bilmədiyi üçün ümumiyyətlə, mağazanı bağlayıb, çıxıb gedib. Ötən illərlə müqayisədə ”AMAY”da 10-dan çox mağaza fəaliyyətini dayandırıb. Səbəb isə müştərinin azlığı və icarə haqqının baha olmasıdır”.
Ekspertlər hesab edirlər ki, milli valyutanın “üzən məzənnə”yə keçidindən sonra manat dollara nisbətdə daha da dəyərdən düşəcək. Bunun nəticəsində isə ölkədə daha çox obyektlər bağlanacaq. İşsizlik kütləvi hal alacaq.
Əli Rais, musavat.com













