Mövcud bazar mühitində öz rəqabətqabiliyyətliliyini və səmərəliliyini saxlamaq məqsədilə BP şirkəti bir sıra cavab tədbirlərini nəzərdən keçirir.
Bu barədə “Trend”-in sorğusuna cavab olaraq “BP Azərbaycan”dan bildiriblər.
Məlumata görə, belə tədbirlərdən biri də şirkətin bütün dünya üzrə işçilərinin illik əsasda maaşlarının nəzərdən keçirilməsi və müvafiq şəkildə artırılması prosesinin bu il üçün təxirə salınması qərarıdır. Başqa sözlə, şirkətin dünya üzrə işçilərinin 2015-ci il üçün əsas maaşlarının artırılması gözlənilmir: “Bu, bütövlüktə BP şirkətinə aiddir. Bununla belə dünyanın bir sıra yerlərində xüsusi hallarla bağlı bəzi istisnalar ola bilər. Azərbaycanda yerli işçilərin maaşlarının nisbətən artırılması üçün imkanlara baxılacaq və bunun üçün məhdud miqdarda büdcə də nəzərdə tutulub”.
Bu arada xəbər yayılıb ki, “bp Azərbaycan” şirkətində kütləvi ixtisarlar başlayıb. İşdən çıxarılanlardan birinin virtualaz.org-a bildirdiyinə görə, ixtisar olunanların sayı yüzlərlədir.
Ancaq qurumun mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı virtualaz.org-a açıqlamasında bu xəbəri təkzib edib. O, həmçinin bildirib ki, bu məsələ ilə bağlı xüsusi açıqlama-bəyanatla çıxış edəcəklər.



