Çin və Hindistan kimi inkişaf etməkdə olan aparıcı iqtisadiyyatlardan ibarət BRİKS daha 6 ölkəyə qoşulmaq üçün dəvət göndərərək Qərbə qarşı yeni geosiyasi və iqtisadi güc kimi çıxmağa hazırlaşır.
Elchi.az xəbər verir ki, 2009-cu ildə Braziliya, Rusiya, Hindistan və Çinin iştirakı ilə yaradılan BRIC, ilk dəfə 2010-cu ildə Cənubi Afrikanı əhatə etməklə genişləndiyi və BRİKS-ə çevrildiyi üçün tez-tez Qərbin rəhbərlik etdiyi dünyaya qarşı tarazlıq kimi görünürdü.
Cənubi Afrika Respublikasının Prezidenti Siril Ramafosa avqustun 24-də öz ölkəsində keçirilən BRİKS sammitində İran, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Misir, Efiopiya və Argentinanı 2024-cü ilin əvvəlində beynəlxalq ictimaiyyətə qoşulmağa dəvət edib.
Yohannesburqda keçirilən sammitdə Çin Xalq Respublikasının sədri Si Cinpinq genişlənmənin qrupun əməkdaşlığına yeni təkan verəcəyini bəyan edərək, BRİKS ölkələrinin mühüm qlobal təsir və məsuliyyət daşıdığını vurğulayıb.
Bildirilir ki, BRİKS Qlobal Cənubun maraqlarını dünya gündəminə daha yaxşı gətirə biləcək inkişaf etməkdə olan ölkələrin daha güclü koalisiyası yaratmağa çalışır.
Yohannesburq sammitindən əvvəl 40-dan çox ölkə BRİKS-ə qoşulmaqda maraqlı olduqlarını açıqlayıb, 23 ölkə isə iştirak üçün rəsmi müraciət edib.
Beynəlxalq həbs qərarı səbəbiylə sammitə qatılmayan Rusiya prezidenti Vladimir Putin, genişlənmək əzminə görə Ramafosa təşəkkür edib. “İqtisadi əlaqələrimizin məqsədyönlü və geridönməz dedollarizasiya prosesi sürət qazanır”, – Putin deyib.
Hazırda dünya əhalisinin 40 faizindən çoxu BRİKS ölkələrində yaşayır. 2000-ci illərin əvvəllərində BRİKS ölkələri qlobal iqtisadi istehsalın (ÜDM) 7,7 faizini təşkil edirdisə, bu gün bu göstərici 25 faizdən çoxdur. Əlavə ediləcək yeni üzvlərlə təşkilatın təsirinin artacağı və sözügedən nisbətin təxminən yüzdə 30-a yüksələcəyi hesablanır.
Müqayisə üçün qeyd edək ki, ABŞ, Kanada, Almaniya, İngiltərə, Fransa, İtaliya və Yaponiyadan ibarət G7 ölkələri hələ də qlobal iqtisadi məhsulun 45 faizini təşkil edir. Amma 20 il əvvəl bu nisbət yüzdə 65 idi.
Önümüzdəki illərdə iqtisadi çəkinin əsasən Çin və Hindistanın artımı hesabına BRİKS ölkələrinin xeyrinə dəyişməyə davam edəcəyi proqnozlaşdırılır. BVF-nin proqnozlarına görə, Hindistan yaxın 10 ildə Almaniya və Yaponiyanı geridə qoyaraq dünyanın üçüncü ən böyük iqtisadiyyatına çevriləcək.
Şayəstə Hüseynova





