Britaniya Şurası və Azərbaycan Müəllimlərin İnkişafı Mərkəzi (AMİM) arasında IELTS imtahanlarının hazırlanması və təşkili sahəsində əməkdaşlığa əsaslanan strateji tərəfdaşlıq üzrə saziş imzalanıb.
Elchi.az-ın məlumatına görə, anlaşma memorandumu IELTS imtahanlarının təşkilində keyfiyyətin təminatı sahəsində təcrübə mübadiləsində iki qurumun əməkdaşlıq prinsiplərini əks etdirir. Bu da öz növbəsində AMİM-ın gələcəkdə rəsmi imtahan mərkəzinə çevrilməsinə zəmin yarada bilər.
İmzalanma mərasimində Avropa Azərbaycan Məktəbinin (AAM) direktoru Françesko Bançini bildirib ki, rəsmi IELTS qeydiyyat tərəfdaşı statusu AMİM-in Britaniya Şurası ilə birlikdə təşkil edəcəyi təlimlərdə və sınaq imtahanlarında iştirak etməklə AAM-ın tələbələrinə ingilis dili biliklərini təkmilləşdirmək üçün daha yaxşı imkan yaradacaq.
Britaniya Şurasının Azərbaycan üzrə direktoru Frensis Qardener-Trexo deyib ki, Şura xidmətlərini genişləndirməkdən və Avropa Azərbaycan Məktəbi kimi Azərbaycanın aparıcı təhsil müəssisələri ilə əməkdaşlıq qurmaqdan məmnundur: “IELTS üzrə tərəfdaşlığımız indi daha çox tələbəyə fayda verəcək və bu da öz növbəsində Azərbaycan gənclərinin gələcək karyera imkanlarını genişləndirəcək. Britaniya Şurası Azərbaycanda 1993-cü ildə fəaliyyətə başlayıb. Biz hər il Azərbaycanda minlərlə tələbə, təhsil işçisi, siyasətçi, alim, tədqiqatçı, təşəbbüskar və sahibkarla əlaqələr qururuq. Bizim fəaliyyətimizin əsas məqsədi ingilis dilinin tədrisi və öyrənilməsi standartlarını təkmilləşdirmək vasitəsi ilə gənclər üçün imkanların yaradılması və beynəlxalq səviyyədə tanınmış Böyük Britaniya imtahanları vasitəsilə Böyük Britaniyanın Azərbaycanın iqtisadiyyatın inkişafı üçün seçilən tərəfdaş kimi mövqeləndirilməsidir”.
AMİM-in rəhbəri Rəksanə Məmmədova isə deyib ki, hazırda pandemiya səngimək üzrədir və bunu nəzərə alaraq AMİM öz fəaliyyətini tam miqyasda bərpa etməyi planlaşdırır: “Britaniya Şurası ilə müqavilənin imzalanması AMİM-nin bütün maraqlı müştərilərə keyfiyyətli təhsil xidmətləri göstərmək potensialını daha da artıracaq.
2014-cü ilin iyun ayında yaradılmış Azərbaycan Müəllim İnkişafı Mərkəzi yerli müəllimlər üçün müasir təhsil metodları üzrə təlimlər təklif edir. AMİM-in təlimçiləri yüksək təhsilli və təşəbbüskar, habelə müasir pedaqogika və təhsil təcrübələrinə malik mütəxəssislərdir. Azərbaycan Müəllim İnkişafı Mərkəzinin missiyası tədris və öyrənmənin elmi və sənəti sahəsində tədqiqatların aparılması, cəlbedici və məzmunlu pedaqoji yanaşmaların tətbiqi, texnologiyadan səmərəli istifadəsi və təhlillər vasitəsilə təhsil işçilərinin peşə bacarıqlarını zənginləşdirməkdən habelə məktəb rəhbərliyinin və təhsil siyasətinin inkişafına töhfə verməkdir ibarətdir”.




