Bu gün Ali Məhkəmə Müsavat başqanının həbsdə olan müavini Yadigar Sadıqovun şikayət ərizəsinə baxıb və onun cəza müddətinin üzərindən daha 6 ay götürülüb.
Bununla bağlı Yadigar Sadıqovun Hüquqlarının Müdafiəsi Komitəsinin sədri Elman Fəttah Arqument.Az-a danışıb.O bildirib ki, Ali Məhkəmənin bugünkü qərarı Yadigar Sadıqovun işi ilə bağlı daha bir qanunsuzluğun olduğunu təsdiqləyib: “Ali Məhkəmənin qərarı daha bir biabırçılığı ortaya qoydu. Bilirsiniz ki, istintaq zamanı Yadigar Sadıqova Cinayət Məcəlləsinin 221.3 (silah və ya silah kimi istifadə edilən predmetdən istifadə ilə xuliqanlıq) maddəsi ilə cinayət işi açılmışdı. 4 ay istintaq getdi. Bundan altı ay sonra Yadigar bəyə əlavə ittiham olaraq 127-ci (az ağır xəsarət yetirmə) maddəni verdilər. Bu maddədə isə istintaq dövründə həbs qətimkan tədbirinin seçilməsi nəzərdə tutulmayıb. Faktiki Ali Məhkəmə Yadigar bəyin üzərindən 221.3-cü madəni götürdü, iş qaldı 221.1 və 127-ci maddələrnin üzərində. Bu da onu göstərir ki, Yadigar Sadıqova istintaq zamanı həbs qətimkan tədbirinin seçilməsi tamamilə qanunsuz olub. Onun bir narkoman tərəfindən şərlənərək həbs olunması və məhkəmənin siyasi sifarşlə qərar çıxardığı bir daha təsdiqləndi”.
Xatırladaq ki, Lənkəran Şəhər Məhkəməsi Y.Sadıqova 6 il həbs cəzası vermiş, Şirvan Şəhər Apelyasiya Məhkəməsi isə bu müddəti 2 il azaltmışdı.



