Bu gün Ukraynanın mülki əhalisi üçün heç bir təxliyə dəhlizi açılmayacaq.
Elchi.az xəbər verir ki, bu barədə Ukrayna Baş nazirinin müavini İrina Vereşçuk “Facebook”da bildirib.
O, Rusiya qoşunlarını dəhlizlər boyunca təhlükəli vəziyyət yaratmaqda ittiham edib: “Təəssüf ki, biz bu gün onları aça bilməyəcəyik. İşğalçılar Zaporojye regionunda təxliyə avtobuslarını bloklayıblar və Luqansk regionunda atəşkəsi pozurlar”.
Vereşçuk Rusiyanı beynəlxalq humanitar hüququn normalarına hörmətsizlikdə, eyni zamanda, öz qüvvələrinə nəzarət edə bilməməkdə günahlandırıb.
“Bütün bunlar dəhlizlər üzərində təhlükəli vəziyyət yaratdığından biz bu gün humanitar dəhliz açmaqdan çəkinmək məcburiyyətində qalırıq”, – deyə Vereşçuk qeyd edib.






