“Kremlin və Rus şovinizminin baş ideoloqu Duqinin qızı Daryanın terror nəticəsində öldürülməsi faktına Rusiya kəşfiyyat idarəsinin “Rus xalqı üçün vətən yolunda qurban gedən rus qadını obrazı” yaratmaq əməliyyatı desək, yanılmarıq. Rus xalqının müasir dövrdə belə bir qəhrəmana ehtiyacı var idi. Onu yaratdılar”.
Bu fikirləri Elchi.az-a açıqlamasında politoloq Azər Qasımov söyləyib.
Analitik qeyd edib ki, bütün bunlar rus təbliğat maşınının ən qəddar şəkildə dövlət maraqlarına xidmət edən və nəyin bahasına olursa-olsun, bu təbliğatın axsamaması üçün yollar axtardığının acı nümunəsidir:
“Bundan sonra Darya Duqina Rus xalqının yeni Pavlik Morozovu, Zoya Kosmodemyanskayası olacaq.
Rus dövlətinin baş ideoloqu kimi Duqinin qızının seçilməsi isə bu məqsəd üçün ən “layiqli namizəd” idi. Bundan sonra Rus xalqı yeni “qəhrəmanının” adının sədaları altında Ukrayna cəbhəsində hücuma keçəcək, onun adı yazılmış mərmiləri Ukrayna xalqının və ordusunun üzərinə atacaq, onun intiqamını əlində bayraq edib yeni təbliğat ssenariləri quracaq”.
A.Qasımovun sözlərinə görə, məsələnin konspiraloji tərəfləri təbii ki, müxtəlif aspektlərdən analiz ediləcək:
“Müxtəlif versiyalar irəli sürüləcək. Amma bir açıq görünən gerçək vardır ki, bu da Duqinin və qızının məqsədli şəkildə hədəf seçilməsidir. Duqin Rus dövlətinin ideoloji simvoludur və bu simvol ətrafında baş verən bu tip hadisə istər təbliğat, istərsə də siyasi baxımdan dövlət siyasətinə yeni yön vermək üçün ən yaxşı vasitədir.
Məsələyə fərqli, amma Rus dövlətçiliyi baxımından vacib rakursdan baxış etdim. Fikrimcə, bu baxış hadisə ətrafında yaranan bütün nəticələrin Rus şovinizminə verəcəyi töhvə baxımından ən vacibi olacaq. Duqin isə bundan sonra qızı Rus xalqının simvoluna çevrilmiş ata obrazında daha möhtəşəm və ideoloji təbliğat maşını kimi daha inandırıcı görünəcək”.
Yeganə





