“Sağlamlıq imkanları məhdud uşaqlar üçün olan iki sosial xidmət müəsisəsi var”.
Elchi.az xəbər verir ki, bunu “Sosial saat” verilişində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədrinin müavini Pərviz Səfərov deyib.
O bildirib ki, ahıl şəxslər üçün nəzərdə tutulan sosial xidmət müəsisələrində 200-dən çox şəxsə realibitasiya xidmətləri göstərilir:
“Eyni zamanda əlilliyi olan şəxslər üçün peşə və əmək reabilitasiyası mərkəzimiz də fəaliyyət göstərir. Onlar müddətli formada orada müxtəlif peşələrə yiyələnirlər. Sosial sığınacaq mərkəzimizdə artıq 4-cü bölmə fəaliyyətə başlayıb. Bunlardan birincisi, görmə imkanları məhdud uşaqlar üçün olan sığınacaq yeridir. Yeni bir bölmə də məişət zorakılığından zərər çəkən şəxslər üçün yaradılıb ki, bu da zərurətdən olub”.
P. Səfərov qeyd edib ki, bu il ərzində əlilliyi olan şəxslər üçün peşə və əmək reabilitasiya mərkəzinin bir filialı Xaçmazda yaradılacaq: “Bu mərkəzlərin yaradılması üçün bölgələrdə qiymətləndirmələr aparılır. Digər sosial xidmət müəssisələrində də stasionar xarakterli olmasa belə sosial xidmət mərkəzlərinin daxilində reabilitasiya kabinetləri yaradıla bilər. Bunlar bizim builki planımızda var. Ağcabədidə də məişət zorakılığından əziyyət çəkən şəxslər üçün sığınacağın yaradılması da nəzərdə tutulur. Baxımsız sosial təhlükəli şəxslər üçün Füzuli rayonunda mərkəzin bu il yaradılması nəzərdə tutulur” – o deyib.




