Bakı sakinləri özünü qorumalıdır
Çimərlik mövsümünün başlanmasına sayılı günlər qalıb. Hələlik çimərlik mövsümünün açılışı rəsmi şəkildə elan edilməsə də, indidən çimərliyə gedənlər var.
Gigiyena və Epidemiologiya Mərkəzinin (GEM) və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşları standartlara cavab verən çimərlikləri müəyyən etmək üçün birgə monitorinqlərə başlayacaq.
GEM-in şöbə müdiri Ziyəddin Kazımov İstiPress-ə bildirib ki, monitorinqlər qanuni və qeyri-qanuni çimərliklərdə aparılacaq, nümunələrə götürüləcək.
Onun sözlərinə görə, monitorinqlər mayın 15-dən sonra başlayacaq. Təbii ki, burada hava şəraiti də nəzərə alınacaq.
“Monitorinqlər zamanı çimərlik zolaqlarının sanitar-texniki vəziyyəti yoxlanılır, götürülən su nümunələri fiziki, kimyəvi və toksikoloji müayinələrdən keçirilir”, – deyə Ziyəddin Kazımov bildirib.
Ötən il keçirilən monitorinqlər zamanı Sumqayıt, Qaradağ rayonu Sahil qəsəbəsinin “Sahil” və Səbail rayonunun “Şıx” çimərliklərindən başqa, digər çimərliklər istifadəyə yararlı elan edilmişdi.
Bu ərazilərdə böyük həcmdə axıdılan tullantı suları müvafiq norma və standartlara uyğun təmizlənmədən və zərərsizləşdirilmədən dənizə axıdıldığına görə sözügedən ərazilərdə bağırsaq çöpü bakteriyalarının və şərti patogen E.coli-nin miqdarı normadan artıq müəyyən edilib.
Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov İstiPress-ə bildirdi ki, “Şıx” və “Sahil” çimərliklərinin təhlükəli olmasının səbəbi kanalizasiya sisteminin olmaması, həmin ərazilərdəki kanalizasiya sularının birbaşa dənizə axıdılmasıdır.
“Bildiyimə görə, həmin ərazilərdə kanalizasiya sularının təmizlənməsi üçün işlər görülür. Yaxın bir neçə ilə məsələ öz həllini tapacaq. Həmin çimərliklərdə çimmək təhlükəlidir, xüsusən də uşaqlar üçün. Çünki həmin çimərliklərdə təhlükəli bakteriyalar mövcuddur”, – deyə Telman Zeynalov bildirdi.
Mərdəkan, Şüvəlan, Novxanı, Buzovna, Zaqulba, Pirşağı, Nardaran, Türkan və Hövsan çimərlikləri normalara uyğundur.
Elchi.az



