Balıq tutmaq bu işi sevənlər üçün xəstəlik kimi bir şeydir. Həftə ərzində imkan tapan kimi balıq tutmağa gedən yüzlərlə Bakı sakini var. Amma son zamanlar onların bu sevgisi çətinləşib.
Belə ki, Bakıda balıq tutmaq üçün bir neçə yer qalıb. Çünki dənizin böyük hissəsi özəlləşdirilib. Bəzi yerlərə isə xüsusi icazə ilə buraxırlar. Hazırda balıqçıların üz tutduğu yerlərdən biri də Dəniz Kənarı Milli Parkdır.
Vaxtı ilə bu ərazidə normal balıq tutan balıqçılar artıq bunu da edə bilmirlər. Çünki bulvar ərazisində balıq tutmaq üçün xüsusi yer ayrılıb. Balıqçılar buradan başqa heç bir yerdə balıq tuta bilməzlər. Bu da haqlı olaraq narazılıqlara səbəb olur.
Musavat.com saytı olaraq, balıqçıların problemlərini işıqlandırmaq qərarına gəldik. Əgər əvvəllər balıqçılar bulvarın köhnə hissəsində balıq tutmaqla məşğul idilərsə, indi onları yalnız bu estakadada görmək mümkündür. Yeni bulvarda balıq tutmaq üçün sahə ayrılmasına səbəbsə, Milli Parkın gəzinti üçün olan hissəsinin təmizliyini qorumaqdır. Yəni idarə bunu bəhanə edərək, balıqçıları estakadaya “sürgün” edib.
Lakin dünyanın bir çox ölkəsində, yaxın Gürcüstanda və Türkiyədə belə bir qadağa yoxdur. Misal üçün Tiflis şəhərində hər kəs Kür çayının istənilən yerində qarmağını atıb, balıq tuta bilər. Əgər təmizlik məsələsi qabardılırsa, il ərzində Batumi şəhərinə gedən turist qədər Azərbaycana turist gəlmir. Amma Batuminin bulvarında belə bir qadağa yoxdur. Üstəlik, Batumi bulvarının uzunluğu 7 kilometrdir.
Qardaş Türkiyənin İstanbul şəhərində Azərbaycanın ümumi əhalisi qədər insan yaşayır. Amma orada da dəniz kənarında balıqçılara hər hansı bir qadağa qoyulmayıb. İstənilən şəxs orada balıq tuta bilər.

Bizim bulvarda isə qaydalar tam fərqlidir. Balıqçılar üçün ayrılmış estakadada balıq tutmaq müşkül məsələdir. Çünki oraya daha çox kiçik balıqlar gəlir. Balıqçılara da bu sərf etmir. Saatlarla soyuq havada dayanıb, kiçik balıq tutmaq heç kimə sərf etməz.
Biz də yaxşıca təriflənən, “Balıqçılar üçün ideal şərait yaratmışıq” deyilən estakadaya getdik. Həftənin 4-cü günü və səhər saatları olsa da, balıqçılar az da olsa, gözə dəyirdi. Bəziləri səhərin erkən saatlarından burada idilər. Amma balıq tuta bilməmişdilər.

Balıqçılar bu vəziyyətdən şikayətlənirdilər: “Bizə köhnə bulvar sərf edir. Ürəyimiz harada istəsə, orada da balıq tuturduq. İndi bizə sadəcə burada icazə verirlər. Bir-iki ildir ki, belədir. Getdikcə buraya gələn balıqçıların sayı azalır. Hamı şəhərdən kənara, rayonlara gedir. Çünki Bakıda bu həvəsimizi öldürə bilmirik. Barmaqla sayılacaq qədər yer var ki, orada balıq tutmaq olar. Daha doğrusu, orada balıq tutmağa icazə var. Çünki hara gedirik, “Bura şəxsi ərazidir. İçəri girmək olmaz” sözü ilə qarşılaşırıq. Bəziləri tapşırıqla, bəziləri isə 5-10 manat pulla içəri buraxır. Biz bununla pul qazanmırıq, axı…

Balıq tutmaq buraya gələnlər üçün hobbidir. Əsasən bazar günləri dincəlmək üçün balıq tutmağa gedirik. Ona da imkan vermirlər. Burada balıq yoxdur. Xırda-xırda “bıçok” və “slyotka”dan başqa heç nə yoxdur. 10 saat da gözləsən, dəyişən bir şey olmayacaq. Sadəcə həvəsimizi, vaxtımızı “öldürmək” üçün gəlirik. Çoxları illərin balıqçılarıdır. Tez-tez biri-birilərini gördükləri üçün dostlaşanlar da var. Bazar günləri gəlirlər, buraya… Qarmaq atıb, söhbət edirlər. Çünki bu estakada başqa bir şeyə yaramır”.
Bulvar idarəsi belə bir qaydanı tətbiq etməklə, onlarla balıq həvəskarını narazı salır. Balıqçıya “Sən burada balıq tut” demək belə, gülüncdür. Harada balıq varsa, orada ovçu və tilov olmalıdır. Bu qədər sadə…
Məhəmməd Türkmən,
Fotolar müəllifindir.











