Elxan Şahinoğlu: “Ramiz Mehdiyev Kadırovla görüşdə ”Azərbaycan xalqı həmişə çeçen xalqının yanındadır” ifadəsini işlədib, Kadırov isə…”
Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin başçılıq etdiyi nümayəndə heyəti Qroznıda Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırovla görüşməsi, görüş zamanı qarşılıqlı olaraq xoş sözlərin işlədilməsi Azərbaycanın və Çeçenistanın bir-birinə önəm verməsinin bir sübutu kimi şərh edilir. Eyni zamanda Rusiyaya tabe olan Çeçenistanın Azərbaycan hakimiyyəti üçün əhəmiyyətinin nədən ibarət olması sualını meydana gətirir.
Bu barədə “Yeni Müsavat”a açıqlamasında politoloq Elxan Şahinoğlu bildirdi ki, Azərbaycana lazımdır ki, Şimali Qafqazda sabitlik, təhlükəsizlik sistemi olsun və nəticədə Azərbaycana sərhəddən, nəqliyyat xətləri baxımından problemlər yaranmasın. Azərbaycanın daha bir marağı odur ki, Azərbaycanın Rusiyaya ixrac etmək istədiyi kənd təsərrüfatı məhsullarının aparılması zamanı Dağıstanla sərhəddə, Şimali Qafqazda üzləşilən müəyyən maneələr ortadan qaldırılsın: “Şimali Qafqazla, o cümlədən Çeçenistanla elə də həddən artıq böyük hədəflərimiz yoxdur. Şimali Qafqaz, Çeçenistan Rusiyaya bağlı bir bölgədir, Rusiya ilə də rəsmi Bakının münasibətlərinin necə olduğu bəllidir. Bizim Şimali Qafqazda, o cümlədən Çeçenistanda yaşayan qardaş millətlərlə tarixi bağlılığımız var. Bu bağlılığın qorunub saxlanması baxımından da həm Çeçenistanla, həm də digər Şimali Qafqaz respublikaları ilə sıx təmaslarımız qurulur. Harada sərfəlidirsə oraya iqtisadi yatırımlar da qoymaq olar. Təmasları davam etdirmək lazımdır. Artıq bu gün Çeçenistan Şimali Qafqazın ən sakit bölgəsi sayıla bilər. Dağıstanda, İnquşetiyada, Qaraçay-Çərkəzdə terror aktları olur. Amma Ramzan Kadırovun güclü təhlükəsizlik sistemi qurmasının nəticəsidir ki, Çeçenistanda sakitlikdir. Bunu da Ramiz Mehdiyev görüşdə qeyd etdi.

Amma bu, o demək deyil Azərbaycan bir dövlət olaraq Çeçenistanla-ayrıca bir bölgə ilə əməkdaşlığını daha da genişləndirəcək. Kadırov çox istəyərdi ki, Azərbaycan Çeçenistana yatırım qoysun, necə ki, bunu Dağıstanın prezidenti Abdulatipov istəyirdi və bu yaxınlarda Bakıya səfər etmişdi. Amma Azərbaycan bu məsələlərdə bir az ehtiyatlıdır. Mən bu siyasəti haqlı olaraq dəstəkləyirəm. Çünki Şimali Qafqaz respublikalarına yatırım qoymağın riskləri böyükdür. Birincisi, bu bölgələrdə korrupsiya var. İkincisi, orada zavod, fabrik açsaq, ortaq müəssisələr açsaq bu, nə qədər səmərəli olacaq. Üçüncüsü isə təhlükəsizlik məsələləri. Bütün bu faktorları nəzərə alsaq mən hesab etmirəm ki, Azərbaycan Çeçenistana yatırımları artıracaq”.
Politoloq qeyd etdi ki, Ramiz Mehdiyevin Kadırovla görüşdə çeçen xalqını qardaş xalq adlandırması doğru yanaşmadır: “Ramiz Mehdiyevin bu fikri ilə razıyam ki, bəli, çeçen xalqı bizə qardaş xalqdır, ən ağır dönəmlərdə də Azərbaycan çeçen xalqının yanında olub. Çeçenistanda keçirilən beynəlxalq təhlükəsizlik toplantısında iştirak edən Ramiz Mehdiyev bu respublikanın rəhbəri Ramzan Kadırovla görüşdə onu və mərhum atasını xeyli tərifləyib. Öz növbəsində Kadırov da Azərbaycan hakimiyyəti haqqında xoş sözlər deyib. Lakin Kadırov Ramiz Mehdiyevlə görüşdə ”Azərbaycan torpaqları işğal altındadır və biz bu məsələdə Azərbaycanın haqlı mövqeyini dəstəkləyirik” kimi ifadələr işlətmədi. Ramzan Kadırov işğal faktına toxunmayıb. Halbuki Ramiz Mehdiyev Kadırovla görüşdə “Azərbaycan xalqı həmişə çeçen xalqının yanındadır” ifadəsini səsləndirib. Kadırov sadəcə deyib ki, ortaq düşmənə qarşı mübarizə aparmalıyıq. Lakin ortaq düşmən deyərkən kimi nəzərdə tutduğunu deməyib”.