Slovakiya və Çexiya Rusiya neftindən emal olunmuş məhsulların satışına icazə verən Avropa Birliyinin sanksiyalarına istisnaların uzadılmasını istəyirlər və bunun onların sənayesinə və qiymətlərin artmasına təsir edəcəyindən ehtiyatlanırlar.
Elchi.az xəbər verir ki, Aİ-nin neft embarqosuna baxmayaraq, Slovakiya, Çexiya və Macarıstan alternativ tədarük mənbələri yaranana qədər Rusiyanın “Drujba” boru kəmərindən neftdən istifadəni davam etdirə bilər.
Bununla belə, Slovakiyaya Rusiya neftindən əldə edilən məhsulları satmağa icazə verən güzəştin müddəti dünən başa çatıb. Praqa və Bratislava Aİ-nin Rusiyaya qarşı növbəti 12-ci sanksiyalar paketinin bir hissəsi olaraq bu təcrübəni genişləndirmək istəyir.
“Biz bu məhsulları Çexiyaya ixrac edə bilməsək, bu, Mərkəzi Avropa regionuna daha geniş təsir göstərə bilər. Bu, bir çox ölkələrdə qiymət artımına səbəb ola bilər”, – Slovakiya rəsmisi Financial Times qəzetinə deyib.
Rəsmi şəxsin sözlərinə görə, Macarıstanın MOL qrupuna məxsus “Slovnaft” neft emalı zavodu hələ də Rusiyanın ağır neftindən başqa ölkələrdən gətirilən yüngül neftə keçə bilməyib. Bu proses təxminən 200 milyon avroya başa gələcək və gözləniləndən daha uzun çəkəcək!
Çexiya hökuməti Aralıq dənizindəki Triest limanını Mərkəzi Avropaya birləşdirən boru kəmərinin modernləşdirilməsini başa çatdırmaqda israrlıdır ki, bu da “Drujba” vasitəsilə tədarükdən asılılığı azaldacaq, lakin gələn ilə qədər həyata keçirilməyəcək.
Şayəstə Hüseynova






