Çin hökumət işçilərinə iPhone-dan istifadənin qadağan olunduğu xəbərindən sonra Apple-ın səhmləri ardıcıl ikinci gün ucuzlaşıb.
Elchi.az bu barədə BBC News-a istinadən xəbər verir.
Son iki gündə firmanın birja dəyəri 6%-dən çox və ya təxminən 200 milyard dollar (160 milyard funt sterlinq) azalıb.
Çin texnologiya nəhənginin üçüncü ən böyük bazarıdır və keçən il ümumi gəlirinin 18%-ni təşkil edir.
Bu, həm də Apple məhsullarının əksəriyyətinin ən böyük təchizatçısı “Foxconn” tərəfindən istehsal olunduğu yerdir.
Pekin mərkəzi hökumət qurumlarının rəsmilərinə iPhone-ları ofisə gətirməməyi və ya iş üçün istifadə etməməyi əmr edib. Qadağa dövlət şirkətlərində və hökumətin dəstəklədiyi qurumlarda çalışanlara da tətbiq oluna bilər.
Hesabatlar sentyabrın 12-də baş tutacağı gözlənilən iPhone 15-in təqdimatı öncəsi yayılıb.
Çin hökumətindən bu xəbərlərə cavab olaraq heç bir rəsmi açıqlama verilməyib.
Apple 2,8 trilyon dollara yaxın qiymətlə dünyanın ən yüksək birja qiymətinə sahibdir.
Apple-ın bəzi təchizatçılarının səhmləri də aşağı düşüb.
Dünyanın ən böyük smartfon çipləri tədarükçüsü olan Qualcomm cümə axşamı günü 7%-dən çox ucuzlaşıb.
Cənubi Koreyanın “SK Hynix”in səhmləri cümə günü təxminən 4% ucuzlaşıb.
Xəbərlər Vaşinqton və Pekin arasında gərginliyin yüksək olaraq qaldığı bir vaxtda yayılıb.
Bu il Vaşinqton müttəfiqləri Yaponiya və Hollandiya ilə birlikdə Çinin bəzi çip texnologiyalarına çıxışını məhdudlaşdırdı.
Çin yarımkeçirici sənayesi üçün əsas olan iki materialın ixracını məhdudlaşdırmaqla cavab verdi.
Pekinin həmçinin çip istehsalı sənayesini inkişaf etdirmək üçün 40 milyard dollarlıq yeni investisiya fondu hazırladığı bildirilir.
Nuranə Məmmədova






