Ölkədə dərmanların “qara bazarı” yaranıb. Bəzi yoxa çıxmış dərmanları artıq “qara bazar”dan tapmaq mümkün olur.
Manatın dollara nisbətən kəskin dəyərdən düşməsi dərman bazarına da təsirsiz ötüşməyib.
Dolların məzənnəsində hər gün artım olduğu üçün sahibkarlar xarici ölkələrdən dərman preparatlarının gətiriləməsinə maraqlı deyillər. Eyni zamanda bu vəziyyətə Tarif Şurasının ayda bir neçə dəfə dərman bazarına müdaxiləsi də təsir edir. Yəni dərmanların qiymətlərindəki tənzimləmə birdəfəlik oturuşmuş vəziyyətə gətirilmir.
Bu isə ölkədə dərman qıtlığının yaranmasına səbəb olur. Hazırda bir qrup dərmanlar satışdan çıxarılıb. Həmçinin, bir qrup dərmanların qiymətlərində kəskin bahalaşma olduğundan onların “əlaltından” satışı, yəni “qara bazarı”formalaşıb. Ən çox işlənən dərmanların satış qiymətlərinin düzgün tənzimlənməməsi nəticəsində onların ölkəyə idxalı demək olar ki, dayanıb.




