“Amma konkret zamanın göstərilməsi ilə razı deyiləm”
Bu barədə AİM.Az-a Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, politoloq Elman NƏSİRLİ rusiyalı ekspert Andrey Yepifantsev “Qarabağ müharibəsi gələn il başlayacaq” iddiasını şərh edərkən bildirib. Ekspertin sözlərinə görə, müharibənin başlanması hər zaman mümkün ola bilər:
“Ötən ilin avqustunda, bu ilin əvvəlində Ermənistanın cəbhədə törətdikləri insidentlər, son zamanlar atəşkəs rejminin kəskin şəkildə pozulması, deməyə əsas verir ki, müharibənin başlanması təhlükəsi hər zaman mümkündür. Amma konkret zamanın göstərilməsi ilə razı deyiləm. Bu mənə bir məsələni xatırladır. Bir neçə il öncə Qərb və Rusiya mətbuatında belə məlumatlar verilirdi ki, ABŞ iki saat sonra müttəfiqləri ilə İranı bombalayacaq. Belə bəyanatlarla çıxış edirdilər. Hesab edirəm ki, bu, psixoloji təzyiq vasitələrindən biridir”.
Bununla yanaşı, politoloq diqqətə çatdırıb ki, rusiyalı ekspertin proqnozu vəziyyətin kifayət qədər gərgin olmasının təzahürüdür:
“Eyni zamanda bu açıqlama təzyiq elementlərini də özündə ehtiva edir”.
E. Nəsirli onu da əlavə edib ki, Azərbaycan öz torpaqlarını işğaldan azad etmək hüququnu özündə saxlayıb və hər şey ölkə başçısı İlham Əliyevin siyasi qərarından asılıdır:
“Cənab prezident əmin olsa ki, danışıqların effekti yoxdur. Danışıqlar vaxtı uzatmaqdan başqa bir şey deyil. Bütün reallıqları dəyərləndirib, lokal, regional və beynəlxalq səviyyədə siyasi qərar qəbul edə bilər. Bu qərar isə hər an baş verə bilər. Lakin bir daha söyləyirəm ki, zaman məsələsini göstərmək düzgün deyil”.
AİM.Az



