“Ermənistanın hal-hazırda nə etmək istədiyini açıq görmək olur. Regiona ona dəstək verə biləcək Amerika və Fransanı gətirmək. Bu, Ermənistana ona görə lazımdır ki, danışıqlarda ona ediləcək təzyiqləri azalda bilsin, yəni ondan tələb olunanlara qismən razı olsun”.
Bu barədə Elchi.az-a açıqlamasında BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov söyləyib.
Politoloq “Ermənistanın regiona gətirmək istədiyi qüvvələrin Azərbaycanla sülh istəməsi mümkündürmü?” sualını belə cavablayıb:
“Hesab edirəm ki, mümkündür. Ona görə ki, adi məntiqlə fikirləşsək, kollektiv Qərb Ukraynada Rusiyaya məğlub olmamaq üçün hər şəkildə dəstəyini Ukraynadan əsirgəmir. Ukraynanın ərazisi və insan resursları da buna imkan yaradır. Hadisələrin gedişi də bunu sübut edir. Ermənistan barəsində isə bunu demək olmaz. Ermənistanın bütün parametrləri göz önündədir. Qərb Ukrayna kimi Ermənistana dəstək versə belə, onların burda qalib gəlməsi mümkün deyil. Bu da tək regionda deyil, istər Rusiya, istər Türkiyə, eyni zamanda, beynəlxalq aləmdə nüfuz və mənafe itkisi deməkdir. Bunu Qərb yaxşı başa düşür. Qərb sadəcə regionda Qarabağ ermənilərinin statusu məsələsində israr etməklə gərginliyi saxlamağa çalışır ki, regionda qala bilsin.
Regionda mövcudluq təsir dairəsi deməkdir.
Qərb Ermənistanı tamamı ilə məhv edəcək gərginliyə getməz, eləcə də Rusiya. Ermənistanın dəstəklənməsinin perspektivinin olmaması artıq tərəflərin hamısına məlumdur. Daha çox dəstək Ermənistanı daha da məhv edər. Ona görə kiçik və uzun müddətli gərginlik ocağı maraqlı tərəflərin hamısını qane edir”.
Yeganə





